Rövşən Nəcəf etimadı doğrultdu: Prezident onu SOCAR-a rəhbər təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev 21 iyul 2022-ci il tarixli Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfi vəzifəsindən azad edib.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.
Qeyd edək ki, bu ilin 10 fevral tarixində vəzifəsindən azad edilən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin səlahiyyətləri Rövşən Nəcəfə həvalə edilmişdi. O, bundan əvvəl İqtisadiyyat nazirinin birinci müavini idi.
Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
2008-2009-cu illərdə ARDNŞ-in Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub.
2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.
Cari ilin fevral ayında isə SOCAR Prezidentinin birinci müavini təyin olunub.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.