logo

Prezident İlham Əliyev önəmli enerji layihəsini anons etdi

Views: 198

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Bakı yaxınlığında 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlayır.

“Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək”, deyə Prezident İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibəsində deyib.

“Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq – 240 meqavatt gücündə külək elektrik stansiyası. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”, – dövlət başçısı əlavə edib.

Caspian Barrel qeyd edir ki, Prezident İlham Əliyevin anons etdiyi hadisə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin Bakı yaxınlığında 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə rəsmən başlanma mərasimindən gedir.

Azərbaycan Energetika nazirliyi əvvəl planlaşdırırdı ki, təməlqoyma mərasiminin keçirilməsi 2021-ci il noyabrın sonunda keçiriləcək.

2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında bərpaolunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsi imzalanıb. 2020-ci ilin dekabrında Energetika Nazirliyi ilə “İnvestisiya Müqaviləsi”, “Azərenerji” ASC ilə – “Enerji alqı-satqı Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədləri imzalanıb.

Layihə build – own – operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.

Plana əsasən, Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə – Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

0

Your Cart