logo

ARDNF AÇG blokunun işlənməsi haqqında yeni müqavilə üzrə 5-ci bonusu alıb

Views: 461

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 milyon məbləğində beşinci bonusu alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF $3,6 milyard (hər il $450 milyon) məbləğində bonuslar alacaq. $450 milyon məbləğində beşinci tranş yanvarın 5-də fonda daxil olub”, – deyə məlumatda bildirilir.

ARDNF 2018-2022-ci illərdə AÇG blokunun işlənməsi haqqında yeni müqavilə üzrə ümumilikdə $2,25 milyard məbləğində 5 tranş alıb.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

interfax

0

Your Cart