“SOCAR Petroleum” QSC Zaqatala rayonu, Zaqatala-Balakən avtomagistralının üzərində “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.
Bununla da respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 42-yə çatdırılıb.
Yeni istifadəyə verilmiş məntəqədə 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.