logo

İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

Views: 127

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda deyilir.

Görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edilib.

“Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili tələbatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub”, – deyə məlumatda bildirilir.

Görüşdə ölkəmizlə TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.

Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.

“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur.

“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.

2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yataq 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.

Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5 milyard kubmetrə qədər təşkil edə bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barelə yaxın kondensat hasil olunacaq.

interfax

0

Your Cart