2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı 170,1 milyon barrel təşkil edəcək. Bu barədə Hesablama Palatasının ARNDF-nin 2022-ci ilin büdcəsi üzrə rəyində qeyd olunur.
“Proqnozlara əsasən, 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı 170,1 milyon barrel təşkil edəcək, bu da 2021-ci ilin proqnoz göstəricisindən azdır”, – “İnterfaks-Azərbaycan”ın əldə etdiyi Hesabalana Platasının rəyində qeyd edilir.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan təxminən 126 milyon barrel neft hasil edilib (17 milyon ton), bu da 2020-ci ilin 9 ayın göstəricisindən 4,5% azdır.
2020-ci ildə AÇG blokunda neft hasilatı 174,6 milyon barrel təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.