logo

I yarımillikdə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 13,5% azalıb

Views: 197

2021-ci ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 5 milyard 863,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.

Maliyyə Nazirliyində neft-qaz gəlirlərinin azalmasını Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin 2020-ci ilin birinci yarısı ilə müqayisədə 978,3 milyon manat az olması ilə izah ediblər.

2021-ci ilin birinci yarısında dövlət büdcəsinin neft-qaz gəlirləri dövlət büdcəsinə daxilolmaların 49,9%-ni təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlər 4 milyard 696,7 milyon manat və ya hesabat dövrü ərzində büdcəyə bütün neft-qaz daxilolmalarının 80,1%-ni təşkil edib.

Bundan başqa, SOCAR-ın xətti ilə büdcəyə daxilolmalar 583,6 milyon manat və ya bütün qeyri-neft gəlirlərinin 10%-ni təşkil edib.

Maliyyə Nazirliyində vurğulayıblar ki, Azərbaycanda PSA müqavilələri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən 6 ay ərzində dövlət büdcəsinə 583,1 milyon manat mənfəət vergisi ödənilib (“Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $40 məbləğində proqnoza qarşı $62,5 təşkil edib).

“2021-ci ilin birinci yarısında SOCAR və PSA müqavilələri çərçivəsində fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 60,4 milyon manat və ya 2020-ci ilin 6 ayı ilə müqayisədə 5,5% artıb. Bununla yanaşı, cari ilin birinci yarısında faktiki gəlirlər proqnozlaşdırılan gəlirləri 44,9% üstələyib”, – deyə məlumatda qeyd olunur.

2021-ci il dövlət büdcəsinin neft-qaz gəlirləri 13 milyard 776 milyon manat səviyyəsində nəzərdə tutulub.

2020-ci ildə neft-qaz gəlirlərinin həcmi 14 milyard 2,1 milyon manat təşkil edib.

interfax

0

Your Cart