Azərbaycan Ai-95 markalı benzinin idxalını kəskin artırıb
Azərbaycan 2021-ci ilin I yarısında 75 min 407,71 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $52 milyon 213,33 min (artım 2,3 dəfə) təşkil edib.
Hesabat dövründə $31 milyon 342,6 min məbləğində (artım 44,8%) 45 min 873,52 ton (artım 26,4%) “Premium Euro-95” markalı benzin (bütün idxalın 60,8%-i) Rusiyadan idxal edilib.
Bundan başqa, bu dövrdə Gürcüstandan $399,15 min dəyərində 559,32 ton (2020-ci ilin yanvar-iyun aylarında idxal həyata keçirilməyib), İrandan $2 milyon 51,53 min dəyərində 3 min 221,1 ton (miqdar ifadəsində artım 2,1 dəfə, dəyər ifadəsində artım 87,4%), Rumıniyadan $18 milyon 179,75 min dəyərində 25 min 399,78 ton, Türkmənistandan $240,29 min dəyərində 353,99 ton “Premium Euro-95” markalı benzin idxal edilib.
2021-ci ilin yanvar-iyun aylarında $1 milyon 272,89 min dəyərində (artım 28,9%) 1 min 563,19 ton (artım 30,9%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
İdxalın strukturunda $196,46 min dəyərində 237,45 ton avtomobil benzini Belarusun, $1 milyon 76,43 min dəyərində 1 milyon 325,74 ton avtomobil benzini Rumıniyanın payına düşüb.
2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,45 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,6 manat təşkil edir.