logo

“SOCAR-Petrofac” BP ilə müqavilə imzalayıb

Views: 220

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Böyük Britaniyanın “Petrofac” şirkətilə birgə yaratdığı “SOCAR-Petrofac” MMC Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşlı” (AÇG) neft-qaz yataqları blokunun istismarı çərçivəsində “Azəri Mərkəzi Şərqi” layihəsi (ACE) üzrə BP şirkəti ilə dəyəri 25 milyon ABŞ dolları olan müqavilə imzalayıb.

“Report” bu barədə “Petrofac”a istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən yataqların işlənmə üzrə operatoru BP-dir.

Müqavilə həm qurudakı, həm də dənizdəki iş yerlərində layihəni dəstəkləmək üçün işə salma üzrə mütəxəssislərin və digər kadrların hazırlanması, səfərbərlik və əlaqədar xidmətlərin göstərilməsini nəzərdə tutur. “Azəri Mərkəzi Şərqi” layihəsinə yeni dəniz platformasının inşası, gündəlik 100 min barel neft hasi etməyə imkan verən qurğuların təqdim olunması daxildir. Bu platforma istismarda olduğu müddətdə 300 milyon barel neftin hasil olunmalıdır. Hasilata 2023-cü ildə başlanılması gözlənilir.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib ki, xidmət sektoru son illərdə şirkətin əsas fəaliyyət sahələrindən birinə çevrilib: “Bu sahə korporativ inkişafımızda mühüm rol oynayır. “Petrofac” ilə qurduğumuz birgə müəssisə tam gücü ilə fəaliyyət göstərir, lakin bu müqavilə ilə fəaliyyət dairəsini daha da genişləndirir, yeni uğurlar qazanır. İnanıram ki, bu gün BP ilə imzaladığımız saziş həm birgə müəssisənin inkişafına səbəb olacaq, həm də BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa ciddi təkan verəcək”.

0

Your Cart