logo

SOCAR prezidenti qocaman neftçini “Fəxri neftçi” döş nişanı ilə təltif etdi

Views: 96

Qocaman neftçi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Hüseynov Vaqif Qulu oğlu 80 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Fəxri neftçi” döş nişanı ilə təltif olunub.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu münasibətlə yubilyarı qəbul edib, çoxminli neftçilər ailəsinin təbriklərini ona çatdıran SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Hörmətli Vaqif müəllim, Siz Azərbaycan dəniz neft sənayesinin bacarıqlı təşkilatçısı, yüksək ixtisaslı mütəxəssislərindən biri kimi uzun illər Xəzər dənizindəki yataqlardan neftin-qazın çıxarılmasında bilavasitə iştirak etmiş, şərəfli bir yol keçmiş, öz fəaliyyətinizlə hər zaman gənclərə nümunə olmusunuz”.

Vaqif Hüseynov

Qocaman neftçi Vaqif Hüseynov son illərdə ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışmış, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, neft-qaz sənayesində çalışan gənclərdən hər zaman hörmət gördüyünü söyləyib.

V.Hüseynov Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə indiki “Balaxanıneft” Neft Mədənlər İdarəsində operator vəzifəsindən başlamış, sonra həmin İdarədə usta, sahə rəisi işləmişdir. 1969-1679-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışmışdır. 2003-2012-ci illərdə “Neftqazelmitədqiqatlayihə” institutunun direktorunun müavini, daha sonra isə müşaviri işləmişdir. V.Hüseynov yalnız istehslatda çalışmaqla kifayətlənməmiş, elmi fəaliyyətlə də məşğul olmuşdur. O, neft-qaz hasilatının sabitləşdirilməsi, artırılması və yataqların işlənməsi istiqamətində qarşıya çıxan problemlərin həllinə yönəldilmiş 30 elmi məqalənin, 4 ixtiranın və 4 kitabın müəllifi, texnika elmləri namizədidir. Hazırda “Neftçilər klubu” İctimai Birliyinin sədri kimi səmərəli fəaliyyət göstərir.

Vaqif Hüseynovun əməyi daim yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Neft sənayesinin əlaçısı” fəxri adına layiq görülüb, SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunub.

0

Your Cart