logo

SOCAR-ın “Rosneft” məhsullarının Ukraynaya tədarükünün ilkin tarixləri açıqlandı

Views: 142

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın “Rosneft” şirkəti ilə birgə yaradılan və Ukraynaya neft məhsulları tədarük edəcək şirkətin operatoru “SOCAR New Energy” bu ölkənin mayeləşdirilmiş təbii qaz (LPG) tədarük edəcək şirkətləri ilə danışıqlara başlayıb.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Enkorr”a bazar iştirakçıları bildiriblər.

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”nin Kiyevdə yerləşən baş ofisində ölkənin aparıcı enerji şirkətləri ilə görüşlər keçirilib. Bu görüşdə “Nadejda”, WOG, OKKO, “BRSM”, “Avantaj-7”, KLO və digər kimi özəl şirkətlər də iştirak ediblər.

Şirkətin TERM müqavilələrinin ilk həcminin bu ilin iyul ayından etibarən təklif edə biləcəyi planlaşdırılır. Treyder dairələrində məlumat var ki, ilk belə müqavilənin orta dəyəri “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edə bilər.

Bazar iştirakçılarının sözlərinə görə, “SOCAR New Energy” TERM müqavilələr üzrə diferensialının xüsusiyyətlərini gələn həftə açıqlayacağını elan edib.

Hələlik “SOCAR New Energy” “Rosneft” şirkətinin avtomobil qazının spot partiyalarını may və iyun aylarında ortalama “daf Brest” kotirovkası üzrə hər ton üçün 40 ABŞ dolları dəyərində satışını təklif edir. Ukraynalı treyderlər bu qiyməti adekvat hesab edirlər.

Məlumatda qeyd edilir ki, rüsum da nəzərə alınmaqla bu qiymət təxminən +50 ABŞ dolları olacaq ki, bu da Rusiya, Belarus və ya Qazaxıstandan gətirilən mənbələrdən daha sərfəlidir. “Bəlkə də iyunun ortalarına yaxın vəziyyət dəyişəcək”, – deyə “SOCAR New Energy”dən keçirilən qapalı görüşlərin iştirakçılarından biri bildirib.

Müsahiblərdən biri bildirib ki, “SOCAR New Energy” may ayının sonunda LPG tədarükünə başlamağa hazır olduğunu vurğulayır. Baxmayaraq ki, operatorlar bu ehtimalı son dərəcə aşağı hesab edirlər: “Bu, belə tez baş vermir. Ən yaxşı halda ilk həcmlər iyun ayının ilk dekadasında tədarük ediləcək”, – deyə rəyi öyrənilən treyderlərdən biri hesab edir.

0

Your Cart