logo

Macar şirkəti AÇG-dəki payı hesabına gəlirlərini artırıb

Views: 38

Bu ilin birinci rübündə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun səhmdarlarından olan Macarıstanın MOL neft-qaz şirkəti 305 milyon ABŞ dolalrı xalis mənfəət əldə edib.

Bu barədə “Report” şirkətin 2021-ci ilinin I rübünün hesabatının nəticələrinə əsasən məlumat verir.

Bildirilir ki, 2020-ci ilin analoji dövründə şirkətin zərəri 152 milyon ABŞ dolalrı təşkil edib.

Şirkətin gəlirləri 3,7 milyard ABŞ dolları təşkil edib ki, bu da təxminən 2020-ci ilin səviyyəsinə bərabərdir.

Bu müddət ərzində şirkətin əməliyyat gəlirləri 4 dəfə artaraq 369 milyon ABŞ dolları təşkil edib.

Şirkətin EBİTDA-sı (Earnings Before Interest, Taxes, Depreciation and Amortization — şirkətin kreditlər üzrə faiz, vergi, amortizasiya və amortizasiyadan əvvəl gəlirləri) 2 dəfə artaraq 774 milyon ABŞ dolları təşkil edib.

Şirkətdən verilən məlumatda deyilir ki, bu nəticələrin əldə edilməsinə səbəb yüksək neft və qaz qiymətləri, “rekord yüksək neft-kimya marjaları” və istehlakçı xidmətlər seqmentindəki güclü nəticələrin olmasıdır.

Bu ilin birinci rübündə MOL-un gündəlik hasilatı 116,7 milyon barel təşkil edib ki, bu da əvvəlki rübün nəticələrindən 2,7 % azdır. Lakin, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 6 % daha yüksəkdir.

Şirkət bildirir ki, artım 2021-ci ilin I rübündə MOL-un “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi hasilat həcmləri ilə bağlıdır.

Qeyd edək ki, Macarıstan şirkəti Azərbaycandakı layihədə 9,57 % paya sahibdir. AÇG yatağında operator isə 30,37 % payla BP şirkəti sahibdir.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

0

Your Cart