logo

BP: 2023-cü ildə ACE layihəsindən ilk hasilat üçün işlər qrafiklə aparılır

Views: 79

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi, eləcə də BP-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin birinci rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Birinci rübün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatıb. İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Ağır yüklərin qaldırılması proqramı irəliləyib və bura aşağıdakı əməliyyatlar daxildir: alt göyərtənin bütün seksiyalarının quraşdırılması, üst göyərtənin ilk seksiyalarının öz mövqelərinə qaldırılması və bir neçə əsas qazma modulunun qaldırılması. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləyib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb. Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam etmişdir, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləyib. Yaşayış modulları İsveçdən yola salınıb və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam edib. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də davam edib.

Rüb ərzində həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olub. Bunlara lay sularının idarə olunması ilə bağlı Mərkəzi “Azəri” platformasında aparılan işlər və Şərqi Azəri platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə 2021-ci ilin ikinci rübündə başlanması üçün hazırlıqlar daxildir. Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

0

Your Cart