logo

Azərbaycan bu ilin yanvar ayında Türkiyəyə rekord həcmdə qaz ixrac edib

Views: 60

Azərbaycan 2021-ci ilin yanvar ayında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 1 milyard 119,23 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 18,4% çoxdur.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

Yanvar ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 18,37%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, cari ilin yanvar ayında Türkiyəyə rekord həcmdə Azərbaycan qazı ixrac edilib.

Azərbaycan 2021-ci ilin yanvar ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (43,9%), üçüncü yerdə İran (11,72%), dördüncü yerdə Əlcəzair (10,92%) qərarlaşıb.

Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.

Yanvar ayında Türkiyəyə 6 milyard 93,91 milyon kubmetr qaz (2020-ci ilin yanvar ayı ilə müqayisədə artım 1,76%) ixrac edilib. 4 milyard 508,43 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 74%-i, 2020-ci ilin yanvar ayı ilə müqayisədə artım 16,8%), 1 milyard 585,48 milyon kubmetr (bütün ixracın 26%-i, azalma 25,5%) isə LNG-nin payına düşüb. Bütün ixrac 6 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ və Nigeriya (LNG)) həyata keçirilib.

2020-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.

Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.

interfax.az

0

Your Cart