Xəzər Boru Kəməri vasitəsi ilə Qazaxıstan 600 mln tondan çox neft ixrac edib
“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin xalis mənfəəti 2020-ci ildə 630 milyon dollar, gəliri isə 2 milyard dollardan çox olub
Bu haqda bu gün səhmdar cəmiyyətin baş direktoru Nikolay Qorban boru kəmərinin ötən ilki fəaliyyətinə yekun vuran zaman jurnalistlərə bildirib.
Qeyd edək ki, bu il istismara başlamasının 20 illiyini qeyd etməyə hazırlaşan Xəzər Boru Kəməri (CPC) Qazaxıstan nefti ilə yüklənmiş ilk tankerini 13 oktyabr 2001-ci ildə Novorossiysk yaxınlığındakı Yujnaya Ozeryovka terminalından yükləyərək dünya bazarlarına yola salıb.
Uzunluğu 1511 km olan magistral boru kəməri Qazaxıstanın qərbindəki neft yataqlarını Rusiyanın qara dəniz sahilindəki terminalı ilə birləşdirir. Bu kəmərlə Qazaxıstan neftindən əlavə, habelə Rusiyadakı hasilatçıların xammalı da nəql edilir.
Nikolay Qorbanın sözlərinə görə, 2020-ci ildə “Xəzər Boru Kəməri Konsorsiumu” ASC bütün səhmdarlara olan borclarının ödənilməsini tam şəkildə başa çatdırmış və bu məqsədlə 1 milyard ABŞ dolları həcmində vəsait ödəmişdir. Ödənilən vəsaitin 200 milyon ABŞ dollarından çoxu Qazaxıstana qaytarılıb. 2020-ci ildə boru kəmərinin fəaliyyəti ilə əlaqədar Qazaxıstan büdcəsinə vergilər şəklində 70 milyon ABŞ dollarından çox vəsait ödənilib, bundan əlavə 16 milyon dollar vəsait də əmlak vergisi təşkil edib.
Qorban bildirib ki, səhmdar cəmiyyəti 2021-ci ildə başlayaraq səhmdarlarına dividend ödənişlərinə başlayacaq.
“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin baş direktoru bəyan edib ki, 2020-ci ildə ümumilikdə boru kəməri ilə nəql edilmiş 59 milyon tondan bir qədər artıq həcmdə neft tankerlərə yüklənərək dünya bazarlarına çıxarılıb.
“Bu həcmin 51,8 milyon tonu Qazaxıstanın neft hasilatçılarının payına düşüb ki, o da 2020-ci il üçün planlaşdırılan həcmdən 6, 6 milyon ton azdır. Bu isə OPEC+ çərçivəsində hasilatın azaldılmasından irəli gələn məsələlərlə bağlı olub”, deyə Qorban izah edib.
2020-ci ildə Qazaxıstan ümumilikdə 68,5 milyon ton neft ixrac edib və bu həcmlərin 51,8 milyon tonu və ya 75,6% -i məhz CPC vasitəsilə həyata keçirilib. Bu o deməkdir ki, sözügedən kəmər özünü Qazaxıstan neftinin nəqli üçün səmərəli və etibarlı bir marşrut kimi təsdiq edib. 2001-ci ildən indiyə qədər yalnız bu istiqamət üzrə Qazaxıstan artıq 600 milyon tondan çox neftini dünya bazarına çıxarmağa müvəffəq olub.
Qeyd edək ki, CPC-nin illik buraxıcılıq gücü hazırda 67 milyon ton təşkil edir.
“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin səhmdarları bunlardır: Rusiya Federasiyası (“Transneft” Publik Səhmdar Cəmiyyəti ilə təmsil edilir) – 24%, Qazaxıstan Respublikası (Milli Şirkət “KazMunayQaz” ASC ilə təmsil edilir) – 19%, Chevron Caspian Pipeline Consortium Company – 15%, LUKARCO B.V. – 12,5 %, Mobil Caspian Pipeline Company – 7,5 %, Rosneft-Shell Caspian Ventures Limited – 7,5 %, CPC Company (“Transneft” Publik Səhmdar Cəmiyyəti ilə təmsil edilir) – 7 %, BG Overseas Holding Limited – 2 %, BG Overseas Holding Limited – 2 %, Kazakhstan Pipeline Ventures LLC (Milli Şirkət “KazMunayQaz” ASC ilə təmsil edilir) – 1,75 %, Oryx Caspian Pipeline LLC – 1,75 %.
Caspian Barrel