logo

Ötən il Naxçıvanın elektroenergetika sistemində baş verən yeniliklər açıqlanıb

Views: 113

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilib

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, Şərur rayonu ərazisində keçən əsrin 60-cı illərində tikilən 35/10 kV-luq “Subartezian” yarımstansiyasında mövcud olan avadanlıqlar öz istismar müddətini başa vurduğundan Çomaxtur kəndi yaxınlığında həmin yarımstansiyanı əvəz edəcək 12600 kVA gücündə 35/10 kV-luq “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılıb.

Yarımstansiyada 2 ədəd 6300 kVA gücündə 35/10 kV-luq güc transformatorları, 35 və 10 kV-luq müasir tip kommutasiya aparatları və digər zəruri avadanlıqlar quraşdırılıb, 35/10 kV-luq “Subartezian” yarımstansiyasından qidalanan 10 kV-luq elektrik verilişi xətləri yeni tikilən 35/10 kV-luq “Çomaxtur” yarımstansiyasına köçürülüb və yarımstansiya cari ilin 12 aprel tarixində istifadəyə verilib. Şahbuz rayonu ərazisində yeni “Badamlı zavod”da quraşdırılan hər birinin gücü 2500 kVA olan 2 transformatorlu 35/0,4 kV-luq yarımstansiya və 3,6 km uzunluğunda 35 kV-luq hava elektrik verilişi xətti istismara verilib.

Şahbuz rayonu ərazisində yeni 35/6 kV-luq “Külüs nasos” yarımstansiyası üçün 12,2 km uzunluğunda olan 35 kV-luq hava elektrik verilişi xəttinin tikintisi başa çatdırılıb, 2500 kVA gücündə 35/10 kV “Külüs nasos” yarımstansiyası quraşdırılaraq istifadəyə verilib. Bu məqsədlə 35/10 kV “Şahbuz” yarımstansiyasında 1 ədəd 10 kV-luq kəsicili çıxış hücrəsi quraşdırılıb, 35/10 kV “Külüs nasos” yarımstansiyasına xidmət edəcək 1600 kVA gücündə 10/6 kV-luq transformator yarımstansiyası quraşdırılıb. Kəngərli rayonu ərazisində Duzdağ massivində inşa ediləcək Duz üyütmə sexinə 1,3 km və yeni Duz tunelinə isə 3,6 km uzunluğunda 35 kV-luq yeni elektrik verilişi xətləri çəkilib.

Bu məqsədlə 110/35/10 kV-luq “Sementzavod” yarımstansiyasında 5 ədəd 35 kV-luq yeni hücrələr quraşdırılıb. Qabıllı kəndi ərazisində 2 MVt gücündə Günəş Elektrik Stansiyasının gücü 3 MVt artırılaraq Stansiyanın gücü 5 MVt-a çatdırılıb.

Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 meqavatt gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilir, gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyasının tikinti işlərinə başlanılıb.

Culfa rayonunda gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb və lazımi ölçmə işləri aparılır.

Rayon ərazisində 1 MVt gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi ilə əlaqədar tikinti-quraşdırma işləri davam etdirilir.

5 Şərur rayonunda ilkin mərhələdə gücü 5 MVt olacaq yeni Günəş Elektrik Stansiyasının tikinti işlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 95 393 ədəd olub.

0

Your Cart