logo

“Brent” neftinin qiyməti ilk dəfə 60 dolları keçib

Views: 72

Dünya bazarlarında neft qiymətləri bazar ertəsi səhər saatlarında bazarda tələbatın bərpası ətrafındakı nikbinlik fonunda yüksəlir

“Report” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2020-ci il yanvarın 29-dan bəri ilk dəfə 60 dollar/barel səviyyəsini keçib.

Belə ki, Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, Şimal dənizindən hasil edilən “Brent” xam neft qarışığının aprel fyuçerslərinin qiyməti 0,77% bahalaşaraq bir barel üçün 60,01 ABŞ dollarına, WTI markalı neftin mart fyuçersləri isə 1,18% artaraq 57,53 dollar/barelə çatıb.

Koronavirusa qarşı peyvəndlərin yayılması fonunda “qara qızıl”a tələbatla bağlı perspektivlərin yaxşılaşması neft qiymətlərini yeni maksimumlara qaldırır. Getdikcə daha çox ölkə istifadə üçün fərqli şirkətlərdən peyvəndlərini təsdiqləyir. Sövdələşmə iştirakçıları ümid edirlər ki, koronavirusa yoluxma səviyyəsinin azalması və karantin məhdudiyyətlərinin aradan qaldırılması neftə tələbatı pandemiyadan əvvəlki səviyyəyə gətirəcək.

Maykl Makkarti

“Tələbin artması və təklif tərəfdən intizamın yaxşılaşması bazarın artım üçün potensialının olduğunu açıq şəkildə göstərir”, – “CMC Markets”in baş strateqi Maykl Makkarti “Bloomberg”ə deyib.

Analkitik təklif barədə danışarkən OPEC+ ölkələri tərəfindən hasilatın azaldılmasına dair razılaşmaların ciddi şəkildə yerinə yetirilməsini xüsusi qeyd edib.

Xatırladaq ki, fevraldan bəzi ölkələr hasilatı könüllü qaydada kvotadan da çox azaltmağa razılıq verib. Nəticədə istehsal gündəlik 1,425 milyon barel azalacaq və bunun 1 milyon bareli Səudiyyə Ərəbistanının payına düşür.

0

Your Cart