logo

Neft Fondu AÇG layihəsi üzrə bonusun yeni hissəsini alıb

Views: 258

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 milyon məbləğində dördüncü bonusu alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib

“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF-ə ümumilikdə $3,6 milyard məbləğində vəsaitin (hər il $450 milyon – İF) ödənilməsi nəzərdə tutulur və bonus məbləğinin 4-cü hissəsi – $450 milyon yanvar ayının 5-də fonda daxil olub”, – ARDNF-dən bildirilir.

ARDNF 2018-2020-ci illərdə AÇG yataqlar blokunun işlənməsi haqqında yeni müqavilə üzrə ümumilikdə $1,35 milyard məbləğində üç tranş alıb.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

interfax

0

Your Cart