logo

İlham Əliyev: “Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar”

Views: 67

“Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik”

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə deyib.

“Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq”, – dövlət başçısı deyib.

0

Your Cart