Prezident Şafkat Mirziyoyev dekabrın 22-də Özbəkistan hökuməti ilə Birləşmiş Ərəb Əmirliynin (BƏƏ) “Masdar” şirkəti arasında Nəvai bölgəsində 500 MVt gücündə külək elektrik stansiyasının inşasına dair investisiya sazişini təsdiqləib
Caspian Barrel Özbəkistan KİBV-lərinə istinadən xəbər verir ki, bu layihənin həyata keçirilməsinə dair “Masdar” şirkəti (Abu Dhabi Future Energy Company) ilə cari ilin yanvarında imzalanmış memorandumda elektrik stansiyasının gücünün 400 MW olacağı bildirilirdi.
İnvestisiya layihəsinin həyata keçirilməsi üçün Masdar artıq Özbəkistanda “Shamol Zarafshan Energy” adlı bir layihə-investisiya şirkəti təsis edib.
2020-ci ilin iyun ayında Özbəkistanın Milli Elektrik Şəbəkələri və “Masdar” şirkəti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə imzalanıb. Bu müqavilədə külək elektrik stansiyasında hasil edilmiş elektrikin hansı şərtlərlə ərəb şirkətindən alınması razılaşdırılıb.
Bundan sonrakı mərhələdə “Shamol Zarafshan Energy” şirkəti və Özbəkistanın Milli Elektrik Şəbəkələri investisiya layihəsi çərçivəsində müsabiqə yolu ilə beynəlxalq müstəqil bir mühəndis şirkəti seçməlidirlər.
İlin əvvəlində ictimaiyyət üçün açıqlanmışdı ki, külək elektrik stansiyasının istifadəyə verilməsi 2022-ci ilə planlaşdırılır.
Xatırladaq ki, Özbəkistan hökuməti ilə əldə olunan razılığa əsasən, “Masdar” şirkəti Navohi şəhərindən 35 km məsafədə 100 MVt gücündə bir günəş elektrik stansiyası da inşa etməyi planlaşdırır. İlin əvvəlində verilən məlumata görə, alternativ enerji mənbəsindən hasil ediləcək elektrikin 2021-ci ildə Özbəkistanın elektrik şəbəkələrinə tədarükünə başlanması gözlənilir.
Özbəkistan elektrik enerjisinin 85 faizini istilik elektrik stansiyalarında istehsal edir. Hökumət alternativ energetika sayəsində təbii qaz və kömürdən asılılığını azaltmağı planlaşdırır.