Özbəkistan rəsmiləri Kanadada qeydiyyatdan keçmiş “Condor Petroleum” şirkətinin 2021-2024-cü illərdə ölkənin Buxara bölgəsindəki qaz yataqlarının istismarına bir milyard dollardan çox sərmayə qoyacağını gözləyirlər
Bu barədə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki “Dunyo” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Özbəkistanın ABŞ-dakı və Kanadadakı səfiri Javlon Vahabov və “Condor Petroleum”un rəhbərliyi – İdarə Heyətinin sədri Dennis Balderston və Prezident Don Streum şirkətin Mərkəzi Asiya respublikasındakı qaz layihələrində iştirak perspektivlərini müzakirə etdilər.
“Balderston “Condor Petroleum”un Özbəkistan iqtisadiyyatına şirkətin şəxsi kapital qoyuluşları hesabına 1 milyard dollardan çox investisiya qoymağa hazır olduğunu söyləyib”, – deyə agentliyin xəbərində bildirilir.
Layihə 2021-2024-cü illərdə Buxara bölgəsindəki “Qazlı” qaz yatağının ərazisindəki beş mədəndə modernləşdirilmə işləri nəticəsində hasilatın iki dəfə artırılmasını nəzərdə tutur.
“Qazlı” qaz yatağı Buxara-Xiva bölgəsindəki ən böyük karbohidrogen ehtiyatları sahələrindən biridir və 1961-ci ildən bəri istismardadır. İlkin qaz ehtiyatları təxminən 500 milyard kubmetrdir. Hazırda yatağın qaz ehtiyatları tükənməyə doğru gedir. Yataqdan “Buxara-Ural” və “Orta Asiya-Mərkəz” əsas magistral boru kəmərləri çəkilib və bu qaz vasitəsilə Özbəkistandan Rusiyaya uzun illər qaz ixracı həyata keçirilir.