logo

Türkmənistan 2020-ci ilin I yarısının enerji məlumatlarını açıqladı

Views: 331

Türkmənistanın hökuməti 2020-ci ilin yanvar-iyun ayları üçün yanacaq-energetika kompleksi üzrə məlumatları açıqlayıb.

Yerli “Orient” agentliyi rəsmi mətbuatda dərc edilmiş statistik məlumatlara əsasən bildirir ki, 2020-ci ilin I yarısında  ölkədə neft və qaz kondensatı hasilatının həcmi 4,8 milyon tondan çox təşkil edib. Bu həcmlərin  1,9 milyon tonunu  “Türkmenneft” Dövlət Konserni istehsal edib.

Hesabat müddəti ərzində 879 min ton müxtəlif markalı benzinlər, 904 min ton dizel yanacağı istehsal edilib.

Bundan əlavə Türkmənistan mayeləşdirilmiş qazın istehsalını 12 faiz artırmağa müvəffəq olub.  Ölkədə mayeləşdirilmiş qazın əsas istehsalçısı Türkmənbaşı neft emalı kompleksidir.

2020-ci ilin I yarısında təbii və səmt qazının ümumi hasilatı 33,9 milyard kubmetr təşkil etmişdir. Bu dövrdə Türkmənistan 16,6 milyard kubmetrdən çox təbii qaz ixrac etməyə müvəffəq olub.

Statistikaya əsasən, 2020-ci ilin yanvar-may aylarında ölkəyə neft məhsulları və təbii qaz ixracatı 2,5 milyard dollar vəsait gətirib.   

Qeyd edilir ki, neft və qaz sənayesi işləri plana müvafiq surətdə həyata keçirsə də,  bəzi hallarda ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində aşağı göstəricilər əldə edilib ki, bu da dünya bazarlarında hazırkı qiymət vəziyyətinin pisləşməsi ilə əlaqədardır.

0

Your Cart