“BP-Azerbaijan” ixtisarlara başlayacaqmı?
BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-ın suallarını cavblandırıb. Müsahibəni təqdim edirik.
– Bəxtiyar müəllim, ilk öncə BP-də xeyli iş yerinin itiriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirməyinizi xahiş edirik. Buna hansı proseslərin səbəb olduğunu ehtimal etmək çətin olmasa da, məsələni sizdən eşitmək istərdik.
– Ötən həftə (iyunun 8-də) BP qrupu, yəni BP-nin baş ofisi səviyyəsində şirkətin yenidən qurulması üçün atılacaq addımlar elan olundu. Şirkətin yenidən qurulması çox ciddi bir qərardır və bununla bağlı çox ciddi dəyişikliklərin olacağı hələ fevral ayında bildirilmişdi. Hələ o vaxt elan etmişdik ki, qarşıda duran ikili vəzifəyə – bir tərəfdən dünyanın enerjiyə artmaqda olan tələbatına və digər tərəfdən də yeni daha təmiz enerjiyə olan tələbinə cavab vermək üçün dəyişməliyik. Sonra isə pandemiya və mövcud iqtisadi vəziyyətlə bağlı dünyada yaranmış gözlənilməz və qeyri-adi şərait başlandı və bu da şirkətin yenidən qurulması prosesini tezləşdirmiş oldu.
Yəni bu dəyişiklik qərarının arxasında bir-biri ilə bağlı iki amil dayanır:
• dünyanın aşağı karbonlu enerjiyə olan tələbinə uyğun olaraq bizim bir şirkət kimi qarşıya qoyduğumuz məqsəd və hədəflərə çatmaq uçun BP-ni yenidən quraraq daha məqsədyönlü və daha möhkəm inteqrasiya olunmuş bir təşkilata çevirmək, yəni daha sadə, daha çevik və daha kiçik olmaq planı
• hazırkı iqtisadi vəziyyət – pandemiya və ondan irəli gələn iqtisadi fəsadlar.
– Yenidən qurulma deyəndə nə nəzərdə tutulur?
– Əslində buraya bir çox tədbirlər daxildir. Onların nəticəsində, əvvəl dediyim kimi, şirkət daha yığcam, az pilləli, çevik, sürətlə hərəkət edən, hadisələri və tələbləri qabaqlayan, rəqabətqabiliyyətli bir təşkilata çevrilməlidir. Yalnız belə bir təşkilat insanların az karbonlu enerji tələbinin ödənilməsinə və planetin təmiz gələcəyinə ciddi dəstək verə bilər.
Bunun üçün atılacaq addımlar çoxdur və bu addımlara digər tədbirlərlə yanaşı, BP-də dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir. Bu da ümumi iş yerlərinin 14 faizidir, hazırda dünya üzrə BP-də təqribən 70 min işçi var.
– Azərbaycan üçün bu nə deməkdir?
– Bu qərarın elan olunması hələ prosesin başlanğıcıdır. BP-nin Azərbaycan ofisində bu qərarla bağlı məsələlərə hələ baxılmalı və müzakirə olunmalıdır. İş yerlərinin azaldılması əsasən mərkəzdən başlayır. Digər biznes ərazilərimizə və regionlara olacaq təsir dəqiqliklə işlənəcək və aydınlaşdırılacaq.
Hazırda bir şey məlumdur ki, Azərbaycanda olacaq dəyişiklik haqda razılaşdırılmış, xüsusilə də hökumətlə razılaşdırılmış bir qərar olması yönümündə işləyəcəyik və daha dəqiq məlumat olanda onu açıqlayacağıq.
– Bu qərar və bununla bağlı görüləcək tədbirlər aşağı karbonlu enerji istehsalı hədəfləriniz və məqsədləriniz – bütün bunlar sizin Azərbaycandakı biznesinizin kiçilməsinə gətirib çıxarmayacaqmı?
– Qətiyyən yox. Ondan başlamaq istərdim ki, hazırkı çətin iqtisadi mühitin təsirlərinə baxmayaraq, BP Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə bütün işlərini davam etdirir və bundan sonra da davam etdirəcək. Biz Azərbaycanın uzun müddətli və etibarlı tərəfdaşı kimi bu layihələrə çox böyük önəm veririk.
Azərbaycanla bağlı çox ciddi öhdəliklərimiz və planlarımız var, hələ bir neçə onilliklər ərzində bu ölkəyə sərmayə qoymaq və biznesimizi genişləndirmək niyyətindəyik. Ən azı növbəti 30 il ərzində biz Azərbaycanla birlikdə olacaq və bu ölkənin, onun hökumətinin və regionun aşağı karbonlu enerji gələcəyinə və belə bir gələcək qurmaq səylərinə dəstək verəcəyik.
– Hazırda şirkətdə hansı işlər görülür və nə planlarınız var?
– Bu sualınızın cavabını, icazənizlə COVID-19 pandemiyası ilə bağlı əməliyyatlarımızın üzləşdiyi çətinliklərlə başlamaq istərdim və ilk öncə də belə çətin şəraitdə gecə-gündüz bilmədən, uzadılmış növbəli iş rejiminə görə həmişə olduğundan daha uzun müddətə dənizdə və qurudakı iş sahələrində – yəni ailələrindən uzaqda, iş sahəsinə getməzdən öncə 7-14 gün karantin rejimində olmaqla və iş yerində də ciddi sağlamlıq təhlükəsizliyi qaydalarına və sosial məsafə qadağalarına əməl etməklə neft-qaz hasilatını və bazara ixracını bir gün belə dayandırmayan məsuliyyətli və fədakar işçilərimizə təşəkkür etmək istərdim.
Çətinliklər bununla bitmir. Sərhədlər bağlı olduğundan çox vacib əməliyyatlarımızın icrası ilə məşğul olan bəzi əcnəbi işçilərimizin və podratçılarımızın ölkəyə giriş-çıxışı, onlar üçün çarter reyslərin təşkili, icazələr və vizalar, ölkəyə daxil olduqdan sonra karantin müddəti üçün xüsusi yerlərin ayrılması, əməliyyatlarımız üçün təxirəsalınmaz olan avadanlıq və materialların gətirilməsi, bir sözlə pandemiyanın yaratdığı belə çətin vaxtlarda bizim heç vaxt təklikdə öhdəsindən gələ bilməyəcəyimiz saysız hesabsız işlərdə bizə sözün əsl mənasında operativ dəstək verən ölkə rəhbərliyinə, Nazirlər Kabineti yanındakı Operativ Qərargaha, bütün hökumət qurumlarına, müvafiq səfirliklərə və digər təşkilatlara dərin minnətdarlığımızı bildiririk. Bu dəstək və yaxından kömək olmasaydı, biz heç vaxt dünyanın belə qeyri-adi durumunda hasilat və ixrac əməliyyatlarımızı fasiləsiz və səmərəli davam etdirə bilməzdik. Neft və qazın fasiləsiz hasilatının və ixracının isə belə bir dönəmdə həm ölkə, həm də region üçün nə demək olduğunu hamımız çox gözəl bilirik.
Sonda hasilat və ixracla yanaşı, apardığımız digər mühüm işlərimizi və planlarımızı belə ümumiləşdirmək istərdim:
• “Şəfəq-Asiman” blokunda qazmaqda olduğumuz ilk qeoloji-kəşfiyyat quyusunu bu ilin sonuna qədər qazıb bitirmək niyyətindəyik.
• Dayazsulu Abşeronda ilk quyunu qazacaq qazma qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa başlayacağıq. Ümid edirik ki, bu da cari ilin sonuna qədər mümkün ola biləcək.
• “D230” blokunda 3 ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını Hyustondakı super kompüterimizlə aparmaqla bu təhlilləri sürətləndirmək niyyətindəyik.
• “Azəri-Çıraq-Günəşli”nin yeni platforması olan ACE-in (“Azəri Mərkəzi Şərqi”) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir.