2018-ci ilin yanvar-may aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 3 mlrd. 31,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,2% azdır.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 30,6%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, – Komitədən bildirilir.
Ümumilikdə cari ilin yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 9 mlrd. 897 mln. kubmetr qaz nəql edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. 2017-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.