Rövnəq Abdullayev: Bu il AÇG-də 12 hasilat quyusunun təhvili planlaşdırılır
Cari ilin ilk üç ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 5 hasilat quyusu qazılaraq təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.
R.Abdullayev bildirib ki, hazırda neft hasilatının əsas hissəsi “Əsrin müqaviləsi” çərçivəsində işlənən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. İşlənmənin əvvəlindən, yəni, 1997-ci ildən 2018-ci ilin aprelin 1-nə kimi AÇG-dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr səmt qazı hasil olunub. AÇG layihəsindən Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır.