Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hesab edir ki, perspektivdə Türkmənistan, İran və İraq qazının TANAP vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.
“İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 mlrd. kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 16 mlrd. kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 mlrd. kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər”, – Ə.Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkiçşafında mügüm rol oynayacaq. Bu layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə müsbət təsir göstərəcək.
Bundan əlavə, Ə.Həsənov hesab edir ki, CQD Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin “daha yüksək pilləyə qalxmasını” şərtləndirəcək.
“Bu dəhliz Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq. CQD Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amilə çevriləcək və region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq”, – Ə.Həsənov qeyd edib.
O həmçinin vurğulayıb ki, CQD regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq, dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək, o cümlədən regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.