BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOIL, NICO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – aprelin 4-də Layihə İdarəetmə Məktəbinin (LİM) beşinci məzun buraxılışını qeyd edib.
AZƏRTAC xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilən bugünkü tədbirdə 52 nəfər məzuna beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olunub.
Onun sözlərinə görə, LİM 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən yaradılıb. Bu layihə mərhələlərlə həyata keçirilib. Layihə başlandığında qarşıya qoyulan məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. LİM 4-cü fazada bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli heyətə ötürülüb. Hazırda LİM-in bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir.
E.Qasımov qeyd edib ki, 2017-ci ildə başlamış 4-cü faza SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq edən “Twenty Eighty Strategy Execution” şirkəti tərəfindən yerinə yetirilib. Hazırda LİM özünümaliyyələşdirmə mərhələsinə keçib və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə əməkdaşlıq şəraitində Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunur.
Məlumat üçün bildirək ki, LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, tikinti və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edirlər.
Qeyd edək ki, LİM-in tədris proqramı yeddi moduldan ibarətdir. Bunlar layihələrin idarə edilməsi, layihəyə rəhbərlik, idarəetmə və əlaqə, risklərin idarə edilməsi, planlaşdırma və xərclərə nəzarət, layihə menecerləri üçün keyfiyyət, layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, layihələri idarəetmə mütəxəssisi imtahanına hazırlıqdır.