Məhəmməd Barkindo: Böyük məmnuniyyətlə Bakıda keçiriləcək OPEC+ konfransında iştirak edəcəyik
“OPEC və qeyri-OPEC ölkələrinin konfranslarından birinin Bakıda keçirilməsi təklifinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk. Və böyük məmnuniyyətlə həmin konfransda iştirak edəcəyik”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin deyib ki, OPEC Azərbaycanı və onun rəhbərliyini neft sənayesi tarixində mövcud olan belə bir çətin dövrdə neft hasilatının azaldılmasına dair OPEC və qeyri-OPEC ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi” sazişinə və OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə qoşulmasını yüksək qiymətləndirir.
“Bildiyiniz kimi Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub. Biz, hazırda həmin sazişdən irəli gələn öhdəliklərin tam icrasına nəzarət edirik”,- deyə Məhəmməd Barkindo bildirib.
OPEC baş katibi həmçinin bildirib ki, OPEC+ ölkələrinin nazirlərinin bir araya gələcəyi iyun və noyabr aylarında keçiriləcək nazirlər konfransında neft bazarının mövcud vəziyyəti müzakirə ediləcək və buna uyğun qərar veriləcək.