BTC ilə daşımalarda tranzit neftinin rolu – araşdırma
2018-ci ilin yanvar-fevral aylarlarında Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 1 milyon 10,8 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.
Caspian Barrel Dövlət statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, cari ilin yanvar ayında BTC kəməri ilə 554 min ton tranzit nefti də nəql edilib, fevralda isə bu göstərici 456,8 min ton təşkil edib.
Ümumilikdə, 2018-ci ilin başlanğıcından BTC ilə transit neftin orta gündəlik nəqli 17,13 min ton və ya 126,8 min barel təşkil edib.
Qeyd edək ki, hesabat dövründə rəsmi statistikaya əsasən, BTC ilə 2018-ci ilin yanvar-fevralında 5 milyon 458,1 min ton neft nəql edilib. Caspian Barrel-in hesablamalarına görə, iki ay ərzində BTC ilə nəq edilən neftdə transit həcmlərinin payı 18,52% təşkil edib.
BTC kəməri ilə ilk tranzit həcmləri 2008-ci ilin IV rübündə Qazaxıstasnın “Tengiz” yatağından daşınmağa başlanılıb. Tranzit fasilələrlə 2014-cü ilin sonuna qədər həyata keçirilib. Ötən il yenidən qazax neftinin nəqli bərpa olunub, ancaq həcmləri böyük miqdarda deyil. 2010-cu ilin yayından BTC ilə tranzit nəqlunə Türkmənistandakı xarici neft hasilatçıları – “Petronas” və “Dragon Oil” şirkətləri başlayıblar. 2015-ci ilin mayında Rusiyanın “LUKoil” şirkəti Xəzərin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağından 100 min barel həcmində neftini BTC vasitəsilə dünya bazarlarına çıxartdı. Ancaq bu test xarakteri daşıyırdı.
2016-cı ildə BTC vasitəsilə Xəzərin sağ sahilindən gətirilən neftin tranzit daşımalarında rekord göstərici əldə edilib: 6 milyon 432 min ton.
BTC ilə neft daşımalarının perspektivləri
BTC boru kəməri 2006-cı il iyunun əvvəlində istismara verilib. BTC istismara veriləndən onunla ancaq AÇG-dən asil edilən neft daşınıb (“Çıraq” yatağından hasil edilən neft Bakı-Supsa boru xətti ilə ixraca yönəldilir). 2007-ci ildən başlayaraq BTC-yə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat vurulmağa başlanılır.
2017-ci ilin nəticələrinə görə BTC ilə daşımaların strukturu(%-lə):
“Şahdəniz-1” layihəsi çərçivəsində təqribən 5 ilə yaxındır ki, ildə orta hesabla 2,4-2,5 milyon ton kondensat nəql edilir.
Bəs BTC-nin 5 il sonrakı perspektivi necə görünür?
2023-ci ilə artıq “Şahdəniz-2” layihəsi özünün layihə gücündə ixraca başlayacaq və bu zaman Şahdənizdən ümumi illik kondensat ixracı 6 milyon ton təşkil edə bilər. Həmi dövrə AÇG-dən BTC-yə yönəldilən neftin həcmi təqribən 22 milyon tona qədər azalmağa meylli olacaq. Baxmayaraq ki, 2023-cü ildə AÇG-2 layihəsi üzrə yeni bir hasilat platformasının istismara verilməsi planlaşdırılır, ancaq onun layihə gücünə çatması üçün təqribən il yarım vaxta ehtiyac olacaq və bu zaman artan həcmlər digər platformalardan aşağı düşmələri yalnız kompensasiya edəcək.
Bu baxımdan növbəti beşillikdə BTC ilə neft nəqletmələrinin strukturunda dəyişmələr AÇG neftinin azalması fonunda Şahdəniz kondensatının artımı və tranzit neft həcmlərinin 10 milyon tona qədər artımı ilə müşahidə edilə bilər. Tranzit həcmlərdə artım Qazaxıstanın “Kaşağan” yatağınmdan hasilatdan olan gözləntilərlə bağlıdır.
2023-cü ildə BTC ilə neft nəqlinin mümkün strukturu(%-lə)
“BTC Co.”-nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), CIECO (2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.