Energetika Nazirliyi 2018-2019-cu illərdə 1 mln. avro məbləğində vəsaiti enerji səmərəliliyinin artırılmasına dair tədbirlərin həyata keçirilməsinə yönəldəcək.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Azərbaycan hökuməti “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişiklik etməyi qərara alıb. ”
“Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitindən istifadə istiqamətlərində dəyişiklik edilib. Dəyişikliyə əsasən, Avropa Komissiyasının ayırdığı qrantdan 1 mln. avro “Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi” layihəsini həyata keçirmək məqsədiə 2018-2019-cu illərdə Energetika Nazirliyinə veriləcək”, – Nazirlər Kabinetindən qeyd olunub.
Xüssuilə, Energetika Nazirliyi mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının, elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanmasını təmin etməlidir, “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planını hazırlamalıdır.