SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 12,6 milyard dollar investisiya qoyub.
Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.
O bildirib ki, SOCAR dünyada iş gördüyü 13 ölkə arasında ən böyük sərmayə qoyuluşunu Türkiyədə həyata keçirir.
Şirkət 19,5 milyard dollarlıq sərmayə ilə Türkiyənin ən böyük xarici investorudur. Hazırda SOCAR və digər Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin 51 faizini təşkil edir: “2008-ci ildə “Petkim”i alaraq Türkiyə bazarına daxil olan SOCAR-ın bütün layihələrində bu gün ümumilikdə 35 min nəfər çalışır. “Petkim”dən başqa, şirkət “Star” neft emalı zavodu, TANAP kimi nəhəng layihələri ilə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir”.
“2018-ci ilin sonunda sərmayə xərclərimiz bitdikdə Türkiyənin ən böyük 3-cü holdinqindən biri olacağıq. Türkiyə hökumətinin dəstəyindən çox məmnunuq. Türkiyəyə planlaşdırılan sərmayələrimiz ümumilikdə 19,5 milyard dollar civarındadır. Bu, 2020-ci ilə qədər nəzərdə tutulan investisiyaların ümumi həcmidir. Son doqquz ildə 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlıq hissəsini sərf etmişik. Qalan vəsait isə 2020-ci ilədək xərclənəcək”, – deyə Zaur Qəhrəmanov əlavə edib.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.