SOCAR-ın İzmirdəki neft emalı zavodunun gətirəcəyi mənfəət açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan “STAR” Neft Emalı Zavodu istifadəyə verildikdən sonra bu, ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 852 mln. dollar gəlir gətirə bilər.
“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev“Neftçilər günü” münasibətilə keçirilən tədbirdə bildirib.
Növbəti 10 il ərzində isə “STAR” Neft Emalı Zavodunun hər il 613 mln. dollar əməliyyat gəliri gələcəyi proqnoz edilir.
Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə hər il 800 mln. dollardan çox gəlir gətirəcək: “Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” neft-kimya kompleksini xammal – yüngül və ağır nafta ilə təmin edəcək”.
Qeyd edək ki, “STAR” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevvə Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, “Azeri Light” və Kərkük neft növləri emal ediləcək.