Hər ilin sonuncu günü – 31 dekabr – harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyan “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qeyd edilir. 31 dekabr , həmçinin Azərbaycanın iqtisadi tarixində də mühüm yer tutur.
Məhz bu gündən etibarən Azərbaycan öz hüdudlarından kənarda yerləşən ölkələrlə yeni tərəfdaşlıq formatı yaratmaq imkanı əldə edib. Bu xüsusda gələcək əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması və uzunmüddətli tərəfdaşlıq platformasının formalaşdırılması istiqamətində mühüm addım atılıb.
Bəli, söhbət 31 dekabr 2020-ci il tarixindən gedir. Məhz həmin gün Azərbaycanda indiyədək kəşf edilmiş ən böyük qaz-kondensat yatağından hasil edilən mavi yanacaq Avropa İttifaqı bazarlarına nəql edilməyə başladı. Hazırda Azərbaycan qazının Avropa bazarlarında fasiləsiz ixrac edilməsinin beşinci ildönümü ərəfəsindəyik və bu nailiyyət ölkənin enerji sektorunun strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu il həm də daha bir mühüm hadisənin qeyd olunması ilə əlamətdardır – SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Qaz Əməliyyat Şirkətinin (SGOC) dünya səviyyəli “Şahdəniz” qaz və kondensat layihəsinin marketinq qolu olan “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətinin operatorluğunu öz üzərinə götürməsinin 10-cu ildönümüdür.
2002-ci ildə “Şahdəniz” layihəsinin tərəfdaşları və SOCAR tərəfindən təsis edilən AGSC, ötən on ildə qlobal geosiyasi dəyişikliklər və enerji təchizat zəncirlərində müşahidə edilən qırılmalar fonunda əsas öhdəliklərini uğurla yerinə yetirməyə nail oldu. Qısa müddət ərzində şirkət Azərbaycanın qaz ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirərək, uzunmüddətli kommersiya münasibətlərinin dayanıqlılığını təmin edən əməliyyat mükəmməlliyinə nail oldu.
SOCAR-ın AGSC-yə operatorluq etməsi Azərbaycanın milli şirkətinin dövlətin və beynəlxalq tərəfdaşların maraqları naminə olduqca mürəkkəb və strateji əhəmiyyətli tapşırıqları uğurla, sərfəli və yüksək səmərəliliklə yerinə yetirməsinin ilk nümunəsi oldu. Bu nailiyyət sonradan SOCAR-ın operatorluğu ilə həyata keçirilən digər strateji layihələr, o cümlədən Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə mühüm öhdəliklərin icrası üçün möhkəm zəmin yaratdı.
Avropa qaz bazarlarına çıxış: Strateji və iqtisadi təsirlər
Avropa bazarlarına çıxış, ilk növbədə, Azərbaycanın qaz hasilatının sürətlə inkişaf etməsinə imkan yaratdı. Rəsmi statistik göstəricilər bu artımı açıq şəkildə nümayiş etdirir: 2017-ci ildə (“Şahdəniz-2” layihəsinin istismara verilməsindən əvvəl) 28,6 milyard kubmetr olan qaz hasilatı 2021-ci ildə 43,9 milyard kubmetrə, 2024-cü ildə isə 50,4 milyard kubmetrə yüksəldi. Analoji dövrdə qaz ixrac həcmləri də artaraq 8,5 milyard kubmetrdən 25,3 milyard kubmetrə yüksəlib.
2013-cü ilin sentyabr ayında imzalanmış 25 illik uzunmüddətli qaz satış müqavilələri “Şahdəniz-2” layihəsinin kommersiya baxımından səmərəli olmasında önəmli rol oynayıb. Bu çərçivədə “Şahdəniz-2” üzrə ixrac olunan qazın 62,5%-i və ya 10 milyard kubmetri məhz Avropa bazarları üçün nəzərdə tutulub. Avropa bazarının yüksək likvidliyi və əlverişli qiymət mühiti “Şahdəniz-2” kimi böyük sərmayə tələb edən layihənin iqtisadi səmərəsini artırmış və Xəzərin dərinsulu hissələrində yerləşən enerji ehtiyatlarının işlənməsinə əlverişli imkanı yaratmışdır.
Bu uğur dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinin, eyni zamanda layihə iştirakçılarının birgə səylərinin nəticəsidir. Bu, həmçinin “Şahdəniz” kimi geoloji cəhətdən mürəkkəb dəniz yatağından hasil edilən qazın həm regionda enerji sabitliyinin təmin olunmasına, həm də beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini göstərir. Beləliklə, Azərbaycan qabaqcıl beynəlxalq təcrübəni artan daxili imkanları ilə birləşdirərək təbii qaz dəyər zəncirinin mühüm həlqələrindən biri olan marketinq və kommersiya əməliyyatları sahəsində liderk mövqeyini daha da möhkəmləndirdi.
Xəzər qazının Avropaya çıxışı üçün marşrutun müəyyənləşdirilməsi
Qapalı hövzə olan və açıq dənizlərə birbaşa çıxışı olmayan Xəzər hövzəsindən hasil edilən təbii qazın dünyanın ən cəlbedici bazarlarından birinə çatdırılması heç də asan məsələ deyildi. Uzun illər davam edən danışıqlar, strateji qərarlar və vaxtında atılan addımlar nəticəsində XXI əsrin ən böyük qaz infrastrukturu layihələrindən biri olan, Azərbaycanı birbaşa Avropa qaz bazarlarına birləşdirən Cənub Qaz Dəhlizi reallaşdırıldı.
Azərbaycan dövləti qazı sadəcə bir əmtəə kimi deyil, uzunmüddətli regional və beynəlxalq əməkdaşlığın, həmçinin ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsində strateji vasitə kimi qiymətləndirirdi.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmiş, layihə iştirakçıları və tranzit ölkələrlə nümunəvi əməkdaşlıq modeli qurmuş və Avropa alıcıları ilə danışıqlarda yüksək inam və şəffaflıq nümayiş etdirmişdir.
Ən önəmlisi isə Cənub Qaz Dəhlizi istehsalçıların, tranzit ölkələrin və alıcıların maraqlarının tənzimləndiyi, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən geniş platformaya çevrilmişdir. Beləliklə, Azərbaycan qazı bu gün 3500 km uzunluğundakı Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırılır və ölkəmiz strateji və etibarlı enerji tərəfdaşı kimi tanınır.
Azərbaycan qaz ixrac edən ölkəyə çevrilir
“Şahdəniz” yatağında böyük həcmlərdə qaz ehtiyatlarının aşkarlanması elə ilk gündən qaz ixracı məsələsini gündəmə gətirdi.
12 iyul 1999-cu ildə “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimatı münasibətilə təşkil edilən mərasimində Ulu Öndər Heydər Əliyev çıxış edərək bildirdi ki, “bizim üçün ən əlverişli bazar Türkiyədir”.
12 mart 2001-ci ildə isə Azərbaycan və Türkiyə arasında “Şahdəniz” layihəsinin 1-ci mərhələsi üzrə qazın alqı-satqısına dair saziş imzalandı.
27 fevral 2003-cü il tarixində Azərbaycan hökuməti “Şahdəniz-1” layihəsinin işlənmə planını təsdiq etdi.
15 dekabr 2006-cı il tarixində “Şahdəniz-1” layihəsi çərçivəsində inşa edilən “Alfa” platformasından ilk qaz hasilatına başlanıldı.
3 iyul 2007-ci il tarixində, nəhayət, “Şahdəniz” qazı Türkiyə bazarına çatdırıldı və bununla da Azərbaycan müstəqillik tarixində ilk dəfə qaz idxal edən ölkədən ixracatçı ölkəyə çevrildi. Qeyd edək ki, Azərbaycan daxili tələbatını ödəmək məqsədilə 2000-ci ilin oktyabrından 2007-ci ilə qədər Rusiyadan qaz idxal edirdi. “Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan öz ehtiyaclarını tam təmin etməklə yanaşı beynəlxalq bazarlara qaz ixrac etmək imkanı əldə etdi.
2007-ci ilin ortalarından etibarən Azərbaycanın qaz ixracına başlaması bir daha təsdiqlədi ki, “Şahdəniz” layihəsi tarixdə sadəcə standart hasilatın pay bölgüsü sazişi kimi qalmayacaq. Bu nəhəng yatağın işlənməsi Azərbaycanın regional rolunu əhəmiyyətli dərəcədə artırdı və Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığın əsasını qoydu.
Azərbaycan nə vaxt Avropa qaz bazarını hədəf olaraq seçib?
“Şahdəniz-1” layihəsi çərçivəsində həyata keçirilən qazma işləri zamanı məlum oldu ki, yatağın qaz ehtiyatlarının həcmi ilkin olaraq qiymətləndirilən 600 milyard kubmetri əhəmiyyətli dərəcədə üstələyir. Lakin, əlavə qaz həcmlərinin böyük hissəsinin daha dərin qatlarda yerləşməsi layihənin işlənmə xərclərini ciddi şəkildə artırırdı. Nəticə etibarilə, layihənin kommersiya baxımından səmərəliliyini artırmaq məqsədilə SOCAR və tərəfdaşları yeni qaz həcmlərinin əsas hissəsinin Avropa bazarlarına satılmasını prioritet istiqamət kimi müəyyənləşdirdilər və uzunmüddətli ixrac marşrutlarını qiymətləndirməyə başladılar.
2011-ci ilin sonuna yaxın rəsmi Bakı “Şahdəniz” qazının Avropaya nəqli istiqamətində konkret addımlar atdı.
24 dekabr 2011-ci ildə Ankarada Azərbaycan və Türkiyə arasında Azərbaycan qazının Avropaya tranziti məqsədilə yeni boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalandı.
26 iyun 2012-ci ildə “Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP)” üzrə hökumətlərarası saziş imzalandı. 28 iyun 2013-cü ildə isə “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üçün əsas marşrut kimi Trans Adriatik Boru Kəmərini (TAP) seçdi.
19 sentyabr 2013-cü ildə Bakıda “Şahdəniz” konsorsiumu 9 Avropa şirkəti ilə qazın 25 illik alqı-satqısına dair kommersiya müqavilələri imzaladı.
17 dekabr 2013-cü il tarixində “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarı elan edildi. İmzalanma mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Daha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə ‘Şahdəniz-2’ layihəsi hazırda nəzərdə tutulduğundan daha geniş coğrafi məkanı əhatə edəcəkdir.” Sonrakı hadisələr dövlət başçısının strateji vizyonunu və uzaqgörən siyasətini birmənalı şəkildə təsdiqlədi.
Azərbaycan qaz ixracı coğrafiyasını genişləndirir
2020-ci il 31 dekabr tarixinə qədər Azərbaycan qazı birbaşa yalnız regional bazarlara – Türkiyə və Gürcüstana tədarük edilirdi. Həmin tarixdən etibarən Azərbaycan qazı Avropa ölkələrinə nəql edilməyə başladı və ilk mərhələdə Yunanıstan, Bolqarıstan və İtaliya istehlakçılarına çatdırıldı.
2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istifadəyə verilməsi və BOTAŞ tərəfindən idarə olunan boru kəmərləri vasitəsilə Türkiyə üzərindən tranzit əməliyyatlarına başlanılmasından sonra Şərqi Avropa və Balkan ölkələri, o cümlədən Rumıniya, Macarıstan, Slovakiya, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Ukrayna da Azərbaycan qazının alıcılarına çevrildi.
Daha bir mühüm hadisə 2 avqust 2025-ci ildə Azərbaycanın Türkiyə üzərindən Suriyaya qaz ixracına başlaması və Yaxın Şərq bazarına daxil olması ilə baş verdi. Bununla da Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatdı.
Qlobal enerji bazarındakı dəyişikliklər, habelə uğurlu enerji diplomatiyası fonunda Azərbaycan ixrac coğrafiyasını sürətlə genişləndirməyə nail oldu.
18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropa bazarında mövqeyi və uzunmüddətli strateji rolu rəsmi olaraq daha da möhkəmləndi.

“Şahdəniz” qazının satışına cavabdeh olan şirkət
Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsində əsas amillərdən biri səmərəli marketinqdir. Uğurlu kommersiya əməliyyatları yeni bazarlara açılmaqla yanaşı, mövcud tərəfdaşlıqların gücləndirilməsinə də möhkəm zəmin yaradır. Bu əməliyyatlar “SOCAR Qaz Əməliyyat Şirkəti” tərəfindən idarə olunan “Azərbaycan Qaz Təchizatı Şirkəti” (AGSC) vasitəsilə həyata keçirilir. Eyni zamanda, SOCAR marketinq fəaliyyətinin coğrafiyasını və səmərəliliyini davamlı olaraq genişləndirməyə çalışır.
AGSC 2006-cı ilin dekabrında “Şahdəniz” yatağından ilk qaz hasilatı ilə eyni vaxtda satış fəaliyyətinə başlayıb. İlkin mərhələdə qaz əsasən daxili bazara yönəldilib. Bu gün də “Şahdəniz” qazının təxminən 20%-i Azərbaycanın daxili tələbatının ödənilməsinə xidmət edir.
30 noyabr 2025-ci il tarixinədək AGSC tərəfindən ümumilikdə təqribən 260 milyard kubmetr “Şahdəniz” qazı satılıb ki, bunun 51 milyard kubmetri Avropa bazarlarının, 140 milyard kubmetri isə Türkiyə və Gürcüstanın payına düşüb.
“Şahdəniz” yatağından hasil edilən təbii qaz 3500 km uzunluğundakı Cənub Qaz Dəhlizi boyunca bir-biri ilə əlaqəli 3 boru kəməri sistemi vasitəsilə nəql olunur və altı ölkədə 30-dan çox alıcıya çatdırılır, həmçinin müxtəlif təchizat və tranzit öhdəliklərin icrası təmin edilir.
2024-cü ilin nəticələrinə əsasən, “Şahdəniz” qazı bir sıra ölkələrdə daxili istehlakın əhəmiyyətli hissəsini təşkil edib: Gürcüstan – 49%, Bolqarıstan – 35%, Türkiyə – 18%, Yunanıstan və İtaliya – müvafiq olaraq hər biri təxminən 17%.
Qeyd olunan rəqəmlər AGSC-nin qaz bazarlarındakı güclü və etirablı mövqeyini bariz şəkildə göstərir.
2015-ci ilin may ayından etibarən SOCAR Norveçin “Equinor” (əvvəlki adı ilə “Statoil”) şirkətini əvəz edərək AGSC-nin operatoru kimi fəaliyyət göstərir. Bu çərçivədə, bu il SOCAR-ın AGSC-də operator kimi fəaliyyətə başlamasının 10-cu ildönümü qeyd olunur ki, bu da ölkəmizin daxili potensialının inkişafını və mürəkkəb beynəlxalq kommersiya əməliyyatlarının uğurla idarə olunmasını vurğulayan önəmli bir mərhələdir.
Son on ildə AGSC, SOCAR GOC-un operatorluğu ilə tamamilə azərbaycanlı mütəxəssislərdən ibarət komandası ilə Cənub Qaz Dəhlizi dəyər zəncirində mühüm rol oynayaraq qaz marketinqi sahəsində etibarlı və qlobal şirkətə çevrilib. Beləliklə, şirkət daxili tələbatı dəstəkləyən, regional enerji təhlükəsizliyini gücləndirən və Avropaya sabit qaz təchizatını təmin edən səmərəli marketinq platforması yaratmağa nail olub.
Bununla yanaşı, yeni bazarlara inamla daxil olması AGSC-nin regional oyunçudan məsuliyyətli qlobal enerji tərəfdaşına uğurla transformasiya olunduğunu nümayiş etdirir. Ötən illər ərzində əməliyyat intizamı, fəaliyyət şəffaflığı və uzunmüddətli öhdəliklərə sadiqliyi bazarda AGSC-nin mövqeyini daha da gücləndirib.
Təxminən 45 mütəxəssisdən ibarət kiçik, lakin yüksək ixtisaslı peşəkar komanda ildə təqribən 28 milyard kubmetr həcmində zəngin təbii qaz portfelini idarə edir.
Bu fəaliyyət təhlükəsiz təchizatı təmin edən, bazar dinamikasını qabaqcadan qiymətləndirən və tərəfdaşlar üçün davamlı dəyər yaradan güclü və çevik marketinq strukturu ilə dəstəklənir.
Əldə edilən bu nailiyyət təkcə komandanın peşəkarlığını və əzmkarlığını deyil, həm də SOCAR-ın, bp-nin və digər səhmdar şirkətlərin sənaye sahəsində zəngin bilik və təcrübəsini əks etdirir. Məhz bu kollektiv bilik və təcrübə nəticəsində AGSC regionun və Avropanın enerji təhlükəsizliyininin təmin olunmasında önəmli rol oynamaqla yanaşı, etibarlı və səmərəli şirkətlərdən biri kimi sənayedə mövqeyini daha da möhkəmləndirib.
Nəticə
Cənubi Qafqaz Boru Kəməri ilə başlayan bu səyahət sonradan müstəqil Azərbaycanın strateji hədəflərindən biri olan “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir infrastruktura çevrildi və gələcəyə inamı daha da artırdı.
“Şahədniz” layihəsi terminallar, boru kəmərləri, dəniz platformaları inşa edən və Xəzərin dərin sularından karbohidrogen hasilatı üçün qabaqcıl texnologiyalar tətbiq edən müxtəlif ölkələrdən minlərlə mütəxəssisi bir araya gətirdi. Nəticədə, quruya çıxışı olmayan Xəzər hövzəsi əsas qlobal bazarlarla birləşdirildi.
Azərbaycanın enerji strategiyası Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrildi. “Şahdəniz” layihəsi, xüsusilə də onun 2-ci mərhələsi təkcə böyük həcmli hasilat təşəbbüsü deyil, həm də ölkənin geoiqtisadi xəritəsini yenidən formalaşdıran ən mühüm layihələrdən biri oldu.
Nəticədə, Azərbaycan həm regional layihələrin təşəbbüskarı, həm də Avropa enerji təhlükəsizliyinə mühüm töhfə verən strateji tərəfdaş mövqeyinə yüksəldi. Uzunmüddətli ixrac-nəql sistemlərinin qurulması, tranzit ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsi və gələcəkdə boru kəmərlərinin genişləndirilməsi üçün platformanın yaradılması Azərbaycanın qaz ixracının dayanıqlılığını təmin etdi və “böyük qaz erası”nı real iqtisadi aktivə çevirdi. Bununla da Azərbaycan yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də nəhəng regional layihələrin təşəbbüskarı və icraçısı kimi tanındı.
Bu uğurlar təkcə enerji strategiyasının zəfərini deyil, həm də gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcını – Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun təkmilləşdirərək davam etdirilən strateji inkişaf konsepsiyasının uğurlu icrasını təzahür etdirir.










