Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.
Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.
Yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib
Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.
Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.
Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
Qanun, onun 28-ci maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən, ayrı-ayrı maddələri sonrakı mərhələdə qüvvəyə minəcək.
Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq
Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində ölkə qanunlarının və Prezident aktlarının “Qaz təchizatı haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddini, qazdan istifadə qaydalarını, qaz təchizatı sisteminə dair qaydaları, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi qaydasını, ixtisas attestatının formasını, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını, qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri hazırlayıb, Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika Nazirliyi “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, texniki xidmətin nəticəsinə dair aktın formasını üç ay müddətində, qaz təchizatı obyektlərinin texniki istismar qaydalarını 9 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, həmin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fövqəladə Hallar Nazirliyi “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarını 9 ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
“Qaz təchizatı haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək Prezident aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun müvafiq müddəalarının qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.















