2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 45,8 milyard kubmetr qaz (neft quyularına vurulan həcmlər də nəzərə alınmaqla) hasil edilib.
Caspian Barrel AR Energetika nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr 2024-cü il tarixinədək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib.
“Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 1 dekabr tarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.