Pərviz Şahbazov Dohada “Nebras Power” şirkətinin baş icraçı direktoru ilə Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib
Caspian Barrel-ə Azərbaycan Energetika nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov fevralın 21-də Dohada “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni külək elektrik stansiyalarının tikintisi imkanlarını müzakirə edib.
“Nazir “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb. Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib”, – deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb.
“Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib”, – deyə məlumatda vurğulanır.