TTSİ-də görüş keçirilmişdir
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Amerika Sınaq və Materiallar Cəmiyyətinin (ASMC) Satış və marketinq üzrə vitse-prezidentinin müavini Ceyms Tomas, Amerika Neft İnstitutunun Qlobal Sənaye Xidmətləri bölməsinin rəhbəri xanım Lakşmi Mahon ilə görüş keçirilmişdir.
Görüş zamanı TSSİ-nin rəisi Fuad Süleymanov beynəlxalq standartların tələbləri səviyyəsində SOCAR-ın müəssisələrinin fəaliyyətinin uyğunluğunun təmin edilməsi və sertifikatlaşdırma işlərindən danışmış, İSO 9001-Keyfiyyət idarəetmə sistemi, OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 14001-Ətraf mühitin mühafizəsi, İSO/İEC 17024-Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar, İSO/İEC 17025-Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər, İSO 9606-Qaynaqçıların bacarıqlılıq sınağı, habelə İdarənin fəaliyyətinin nəticələrinə görə Fransanın Bureau Veritas sertifikatlaşdırma qurumunun İSO 29990-Qeyri-formal təlim xidmətləri üzrə akkreditasiyasının, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) Təhlükəsiz idarəetmə (Managing safely) təlim kursu üzrə təlim provayderi lisenziyasının, OPİTO-nun BOSİET/HUET təlim kursu üzrə standartın qazanılmasının vacibliyini diqqətə çatdırmışdır. Görüşdə təlim və kadr hazırlığı istiqamətində xarici şirkətlərin SOCAR ilə əməkdaşlığının cari vəziyyəti müzakirə olunmuşdur.
Sonra ASMC-nin Satış və marketinq üzrə vitse-prezidentinin müavini Ceyms Tomas, Amerika Neft İnstitutunun Qlobal Sənaye Xidmətləri bölməsinin rəhbəri xanım Lakşmi Mahon təmsil etdikləri qurumlar tərəfindən standartların tətbiqi və sertifikatlaşdırma sahəsində hüquqi və fiziki şəxslər üçün yerinə yetirilmiş çoxsaylı xidmətlər haqqında məlumat vermişlər. Qeyd edilmişdir ki, Amerika Neft İnstitutunun Standartlar üzrə məlumatlar bazasından TTSİ də istifadə edə bilər. Qonaqlar səmərəli fikir mübadiləsinə görə TTSİ-nin rəhbərliyinə təşəkkürlərini bildirmiş, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasının faydalı olacağını vurğulamışlar.
www.socar.az