“Qərbi Abşeron” yatağında yeni horizontal quyu istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi “Qərbi Abşeron” yatağında hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm tədbirlər görür. Birliyin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin qirməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.