Azərbaycan hökuməti ölkə iqtisadiyyatına kreditin ayrılması ilə bağlı 2015-ci ildən Asiya İnkişaf Bankı (AİB) ilə danışıqlar aparır
AİB Direktorlar Şurası dekabrın ortalarında Azərbaycan hökumətinə $500 mln. məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə bankın vitse-prezidenti Vençay Canq bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan 2016-cı ilin əvvəllərində maliyyə yardımının ayrılması ilə bağlı müraciət edib.
“Bank bu təklifi nəzərdən keçirdikdən sonra Direktorlar Şurasına təqdim edib. Direktorlar Şurası $500 mln. məbləğində kreditin ayrılması məsələsinə dekabrın ortalarında baxacaq”, – deyə vitse-prezident “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
V.Canq qeyd edib ki, hökumət kredit vəsaitlərini sosial təminat məsələlərinin həllinə, iş yerlərinin açılmasına, iqtisadiyyatın şaxələndirilməsinə yönəldəcək.
O əlavə edib ki, vəsaitlər AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində kredit şəklində ayrılacaq. “Bu vəsaitlər iqtisadi artımın dəstəklənməsinə yönəldiləcək”, – deyə V.Canq vurğulayıb.









