Üzümüzə gələn bazar, yəni aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə ölkəmizin energetika naziri Natiq Əliyev də iştirak edəcək. Neft İxrac edən Ölkələr Birliyinə – OPEC-ə üzv ölkələrin, o cümlədən, təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək iclasa Azərbaycanın da dəvət olunması ölkəmizin mövqeyini də nəzərə almağın vacibliyini göstərir.
Xatırladaq ki, bu dəfəki iclas cari ilin fevralın 16-da Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında keçirilən görüşün davamı sayılır. Hansı ki, həmin görüş zamanı sözügedən ölkələr aralarında gəldikləri razılığa əsasən neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürülmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.
Bəs, aprelin 17-dəki Doha görüşü bir nəticə verəcəkmi? Başqa sözlə desək, OPEC ilə ona üzv olmayan ölkələr neft hasilatını dondurmaq haqda yekdil qərara gələ biləcəklərmi?
Bəri başdan qeyd edək ki, buna çox az sayda ekspert inanır. Belə ki, adı çəkilən təşkilata həm üzv, həm də üzv olmayan sayca 15 ölkə arasında bazar günü keçiriləcək görüşdə “atəşfəşanlıq” üçün heç bir nəticə gözləməmək lazım gəldiyi bildirilir. Hərçənd, bu ilin fevral ayının 16-da keçirilən görüş nəticəsində neftin dünya bazar qiymətləri 27 ABŞ dollarından hazırki 40 dollar həndəvərinə qalxdı. Və hələ də məhz bu ətrafda rəqs etməkdədir.
Əvvəla, ona görə ki, hasilatı dondurmaq haqda qərar qəbul edilsə belə, əksər OPEC, o cümlədən məsələn, Rusiya Federasiyası kimi ölkədə mövcud neft hasilatı nəyinki az deyil, proqnozlaşdırılan ən mümkün maksimal səviyyədədir. Üstəlik, tələbatın da genişlənəcəyi heç bir halda gözlənilmir. Ən azı o səbəbdən ki, Çin iqtisadiyyatı üzrə mövcud vəziyyət hələ də qeyri-müəyyəndir.
Digər tərəfdən, OPEC-in indiyədək hasilatı nəyə görə azaltmadığı səbəbi də əsla yaddan çıxarılmalı deyil. Belə ki, adı çəkilən təşkilat hələ 2014-cü ilin noyabrında bu haqda qərar qəbul etsə idi, neft bu qədər ucuzlaşmayacaqdı. Məsələ bundadır ki, buna OPEC-ə daxil olmayan ABŞ-da slans nefti mane oldu. Hansı ki, dünyada ən ucuz neft hasilt edən Səudiyyə Ərəbistanı hələ də buna qalib gələ bilməyib.
Əvvəl deyilirdi ki, slans neftinin maya dəyəri 60 dollardır, lakin uzun müddətdir qiymət 40 dollar ətrafında rəqs etsə də və hətta bir arada bundan aşağı səviyyədə olsa da, adı çəkilən hasilat növü “pis-yaxşı” davam gətirə bilir. Sual olunur ki, Ər-Riyad qiymətlərin yüksəlməsi üçün əsas yaranmasında maraqlı ola bilərmi? Sözsüz ki, yox.
Daha bir səbəb isə İranla bağlıdır. Belə ki, Səudiyyə Ərəbistanı ilə bu ölkə arasında münasibətlər məlum olduğu kimi yaxşı deyil. Sanksiyalar ləğv edildikdən sonra İran demək olar, bütün sahələrdə “qazı sonadək basmış” vəziyyətdədir. Odur ki, bu iki ölkə arasında mövcud olan ziddiyyətlər baxımdan hasilat barədə OPEC-də yekdil qərara gəlinə bilərmi? Hansı ki, ikisi də ən nəhəng neft hasilatçısıdır. Yenə də sözsüz ki, yox.
Bəs, qiymətlər sözügedən görüş ərəfəsində niyə qalxmaqdadır? Bu sətirlər yazılarkən dünya birjalarında neftin 1 barelinin qiyməti az qala 45 dollar təşkil edir.
Məsələ bundadır, bəziləri deyirlər ki, neftin qiyməti ABŞ-da neft ehtiyatları ötən həftədən başlayaraq azalmağa doğru getdiyindən bahalaşır. Belə ki, əvvəllər adı çəkilən ölkədə quyuların sayı azaldığı bildirilsə də, bu özünü ehtiyatların həcminin enməsində büruzə vermirdi. Amma indi bazara çıxarılan İran neftinin həcmi artsa da, ABŞ-da bu faktor qiymətləri “qızdıran” əsas amil kimi çıxış edir. Ona görə də yaxın perspektivdə də bazara Doha görüşündə iştirak edəcək ölkələrin hansı qərara gələcəkləri deyil, ABŞ-ın hansı səviyyədə neft istehlak edəcəyi amili təsir edəcək.
Ancaq iş ondadır ki, ABŞ-da mövcud neft ehtiyatları barədə hər dəfə açıqlanan məlumatların müvafiq zamana düşmə anlarını diqqətlə izləsək və bu sahədə ciddi təhlil və müqayisə aparsaq sözügedən informasiyaların özünün heç də tam dəqiq olmadığı qənaətinə gələrik. Başqa sözlə desək, ABŞ üzrə açıqlanan məlumatlar bəzən bazara təsir etmək xarakteri daşıyır!
Odur ki, hazırki situasiya daha çox Doha görüşü ərəfəsində həm də bilavasitə ABŞ tərəfdən tələbi süni şəkildə artırmaq məqsədi daşıyır. Məqsəd isə bilavasitə ondan ibarətdir ki, Doha görüşündə təklifi azaltmaq və yaxud onu sabit saxlamaq istiqqamətində hər hansı bir “addım” atılması və yaxud müvafiq razılaşma əldə olunmasının qarşısını almaqdan ibarətdir.
Sözün qısası, Doha görüşü qiymətləri bahalaşdırmaq üçün nəticə verməyəcək. Ancaq ötən şərhdə də yazdığımız kimi ucuzlaşmanın da, bahalaşmanın da bir həddi var. cari ildə neftin qiyməti orta hesabla 45-48 dollar arasında olacaq. Ola bilsin ki, müəyyən aylarda 30 dollara qədər ensin. Lakin bötüvlükdə 2016-ci il ərzində neftin qiyməti 40 dollardan yuxarı olacaq.
Ölkəmizə gəldikdə isə, hökumətin proqnozlarına əsasən, ötən ilin 41,69 mln tonuna raqşı cari ildə 40,7 milyon ton neft hasilatı nəzərdə tutulur. Azərbaycanda neft hasilatı üzrə ən yüksək göstərici 2010-cu ildə 50,8 milyon ton təşkil edib. Bu ilin I rübündə isə 9 milyon 900 min 400 ton proqnoza qarşı 10 milyon 496 min ton neft hasil edilib. Hazırda ölkədə gündəlik neft hasilatı 115 min ton və ya 850 min barelə yaxındır.
Bununla belə, təkrar edirik: OPEC-in sözügedən iclasına Azərbaycanın da dəvət olunması ölkəmizin də mövqeyini nəzərə almağın vacib olduğu göstəricisidir.
Pərviz Heydərov, AzVision.az üçün