Energetika naziri Natiq Əliyev fevralın 19-da Berlində Ətraf Mühit və Enerji üzrə 14-cü toplantıda iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
“Avropada enerji transformasiyasının yenidən qurulması: rəqabətli, təhlükəsiz, innovativ” mövzusuna həsr olunan toplantı Almaniyanın hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurasının təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin, qurumun rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottingerin, Almaniyanın Federal Kansler Aparatının rəhbəri və Xüsusi Tapşırıqlar üzrə naziri Peter Altmayerin, Almaniyanın federal ətraf mühit, təbiətin qorunması, tikinti və nüvə təhlükəsizliyi naziri Barbara Hendriksin və bir neçə ölkənin enerji sahəsində fəaliyyət göstərən yüksək səviyyəli nümayəndələrinin və aparıcı şirkətlərin təmsilçilərinin də iştirakı nəzərdə tutulur.
“N.Əliyevin toplantıdakı çıxışı Avropanın enerji infrastrukturuna transformasiya məsələləri ilə bağlı olacaq”, – deyə məlumatda qeyd edilir.
Almaniyanın bütün federal ərazilərində fəaliyyət göstərən Xristian-Demokratlar Birliyi partiyasının İqtisadiyyat Şurası Almaniyada biznes dairələrinin maraqlarını təmsil edir.