İlham Şaban: “Bu il neft hasilatında Azərbaycan kifayət qədər böyük bir enmə ilə üzləşəcək; ötən illə müqayisədə 10 milyon bareldən çox”
“Hökumətin ümidi yenə də neft sektorunadır”
ABŞ-ın 40 illik fasilədən sonra öz neftini Avropa bazarına çıxarması yeni situasiya yaradıb. “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla neft-qaz mövzusunu əhatə edən söhbətimizi öncə bu məsələdən başladıq:
– İlham bəy, Amerika neftinin dünya bazarına çıxarılması Azərbaycan kimi neft ölkələrinə nə vəd edir?
– Təkcə Azərbaycan neftindən deyil, ümumiyyətlə, neft bazarında qiymətlərə təsirlərdən danışmaq daha düzgün olardı. Çünki bizim neftin qiyməti əslində heç zaman dünya birjalarında təyin olunmayıb. Bəzi KİV-lərimiz bunu yazıblar və beləcədə “dil-ağıza” düşüb. Reallıqda isə Azərbaycan neftinin qiymətini SOCAR-ın İqtisadiyyat və Marketinq İdarəsinin satışa təklif etdiyi partiyalar və onlara olan təkliflər nəticəsində şirkətlərin FOB qiymətləri formalaşdırır. Düzdür, elə hallar olur ki, SOCAR Trading CİF müqavilə əsasında neftimizi özü birbaşa alıcıya çatdırır. Ancaq bunlar əksəriyyət təşkil etmir, çünki risk dərəcələri daha böyükdür.
O ki, qaldı Amerika neftinin bazara çıxarılmasına, bu, təbii ki, ilkin olaraq bazara qiymət baxımından öz neqativ təsirini göstərəcək. Hamını maraqlandıran məqam budur ki, ABŞ bazara nə qədər xammal çıxardacaq? Bu, şirkətlərin kommersiya maraqlarından asılı olacaq. Çünki ABŞ eyni zamanda həm də nefti idxal edir axı. ABŞ şirkətlərinin bir qisminə yerli bazarda neft satmaq sərfəli deyil, çünki bundan daha çox neftayırma zavodları qazanır. O cür şirkətlər ixraca meylli olacaqlar. Digərləri isə – vertikal inteqral şirkətlər – yerli bazarda satışa üstünlük verəcəklər. Buna görə də ABŞ özü nəhəng bir istehsalçı olmaqla yanaşı, ən böyük bir istehlakçıdır. Eyni zamanda bu məsələlərdə maraqlardan çıxış edərək daim mütəhərrik hərəkət etmək imkanı var.
– 2015-ci ilin enerji sektorunun yekunları barədə fikirlərinizi bilmək istərdik. Azərbaycan ötən ili necə yola saldı?
– Cari ildə neft sektorunda müəyyən stabilləşmə əldə etməyə nail olundu. Bu da ilk növbədə BP-“Azərbaycan” şirkətinin müqavilə sahələrində əldə etdiyi uğurlardan irəli gəlirdi. Baxmayaraq ki, həm “Azəri-Çıraq-Günəşli”, həm də “Şahdəniz” müqavilə sahələrində 3 platformanı modernizasiya edərkən hasilat müxtəlif vaxtlarda tam dayandırılmışdı. Bununla belə BP şirkəti “Azəri-Çıraq-Günəşli” yatağından 31,1 milyon tona yaxın neft hasil etməyə nail oldu. Düzdür, ötən illə müqayisədə hasilat təqribən 400 min tona yaxın azalsa da, ancaq konsorsium bir il əvvəl onun qarşısında qoyulmuş plan və öhdəlikləri artıqlaması ilə yerinə yetirməyə müvəffəq olub.
Ümumilikdə ölkə üzrə götürsək, 41,7 ton neft hasil edilib ki, bu da ötən ilillə müqayisədə cəmi 200 min ton aşağı nəticədir. Qaz həcmlərinə gəldikdə isə, burada da vəziyyət stabildir: ümumi qaz hasilatında azalma tempi il ərzində 02,-03% arasında olsa da, əmtəəlik qaz hasilatında daim artım olub, özü də keçən illə müqayisədə 0,2 milyard kub metr, yəni 18,9 milyard kub metr. Pis nəticə deyil. Azərbaycanda onu deyim ki, heç zaman bu qədər əmtəəlik qaz hasil edilməmişdi.
Elektrikə gəldikdə isə, baxmayaraq ki, cari ildə hava şəraiti normal keçib – demək olar ki, sərt qış olmayıb, isti yay isə ölkədə 1 aydan çox davam etmir – elektrik enerjisinin istehsalında heç bir azalma müşahidə edilməyib. “Azərenerji”nin elektrik stansiyaları yenə enerji istehsalında rekord vurmaqdadırlar. 2014-cü ildə enerji monopolistimiz 22,7 milyard kilovat/saat elektrik enerjisi istehsal etmişdisə, bu il heç də bu rəqəmdən geri qalmadı. Baxmayaraq ki, cari ildə ölkənin elektrik sisteminə öz töhfəsini alternativ enerji mənbələri də kifayət qədər verdilər. Onlar il ərzində ilk dəfə olaraq 10 milyon kilovat saatdan çox elektrik enerjisi istehsalına nail oldular.
– Bəs, bizi 2016-cı ildə bizi nə gözləyir?
– Təbii ki, Azərbaycanın enerji sektorunda əsas yer yenə də neftin payına düşəcək. Baxmayaraq ki, neft hasilatında 2016-cı ildə Azərbaycan bəlkə də pik həddən sonrakı (2011-ci il) bir enmə tempi ilə üzləşəcək. Ancaq bu, uzun illər əvvəl proqnozlaşdırılan bir enmə olduğundan həm sahə mütəxəssisləri üçün, həm də hökumət üçün hansısa şok demək olmayacaq.
Beləliklə, 2016-cı ildə hasilat heç də İqtisadiyyat və Sənaye Nazirliyinin bu il Milli Məclisə təqdim etdiyi sənədlərdə olduğu kimi 40,7 milyon səviyyəsində də olmayacaq. Çünki rəhbər komitənin son iclasında “Azəri-Çıraq-Günəşli” yatağında cari il üçün ilk dəfə hasilatın 30 milyon tondan bir qədər az olması razılaşdırılıb. Bundan əlavə digər yataqlarda da axı obyektiv səbəblərdən hasilat azalır. Çünki bu yataqlar “qocalıq” dövründədirlər. Yəni burda qeyri-adi elə bir şey yoxdur. İkincisi, neftin qiymətinin aşağı olması səbəbindən investisiya proqramı bütün şirkətlərdə olduğu kimi – bazar prinsiplərinə uyğun olaraq – Azərbaycanın neft sektorunda da tətbiq olunur. Yəni bu, o deməkdir ki, hasilat cari illə müqayisədə 1o milyon bareldən çox azalacaq. Mənim proqnozuma görə, 2016-da hasilat 40,2-40,4 milyon ton arasında dəyişə bilər.
– Deməli, Azərbaycanda şirkətlər xərclərini azaltmaq yönündə addımlar ata bilərlər. Bəs, iqtisadiyyatımız üçün bunun neqativ halları olmayacaq ki..?
– Əvvəla, bir şeyi yaddan çıxartmaq lazım deyil ki, neft elə bir xammaldır ki, o, yaxşı pula ancaq qlobal bazarda çevrilir. İstər Səudiyyə kimi neft nəhəngi olsun, ancaq neftini beynəlxalq bazara çıxartmadan mənfəəti demək olar ki, yoxdur. Bizim özümüz cəmi 6,5 milyon ton neft emal edirik. Ancaq daxili bazarda cəmi 1,3 milyon tondan bir qədər artıq avtomobil benzini və 0,7 milyon ton da dizel yanacağı satırıq. Yəni bunun qiyməti cəmi 1 milyard dollar edir. İxrac etdiyimiz neftdən gələn mənfəət bu il 7 milyard dollar olacaq. Bu, ancaq Neft Fonduna yönələn gəlirdir. Ancaq SOCAR-ın özünün də ayrıca qazancı var axı. Ona görə də neft şirkətləri, o cümlədən SOCAR bu məsələdə bazara uyğun addımlar atırlar. Çünki xammala çəkilən məsrəflər və onun satış qiymətləri arasında daim bir mütənasiblik qorunmalıdır.
Məsələn, BP Global orta müddətli proqnozunda bildirilir ki, şirkət 2017-ci ilə qədər kapital xərclərini 22.9 milyard dollardan 17-19 milyard dollara qədər və ya 25% azaltmaq niyyətindədir. Kəşfiyyat və hasilat üzrə xərclər 2014-cü ildəki 19 milyarda qarşı 15-16 milyard dollar səviyyəsində gözlənilir. Marketinq və emalı sahəsində, eləcə də şirkətin digər sahələrində xərclər 2014-cü ildəki 3.9 milyard dollardan 2-3 milyard dollara qədər azaldılacaq. İndi bütün neft şirkətləri xərclərini azaltmaq barədə qərarlar qəbul edirlər. Bir qədər əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev də belə bir əmr imzaladı. Bu əmrə əsasən, qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulur. Bu müddəa SOCAR-ın ştat cədvəlinin daha optimallaşdırılması yönündə addımlar atılması deməkdir. Yəni indiyə qədər SOCAR işçilərinin sayı artıq 54 minə qədər azaldılmışdı. Ancaq onun hesabatları ilə tanış olanda biz nə görürdük: 2011-ci ildə SOCAR-da 79,9 min nəfər çalışırdı.
2014-cü ildə SOCAR ilk dəfə olaraq neftin maya dəyərini 1,4% azaltmağa nail olmuşdu, nəticədə 1 barel neftin orta qiyməti 16 dollara qədər azalmışdı, tonu 91,63 manat. Bunun əsas səbəblərindən biri də SOCAR-ın işçilərinin azaldılması hesabına baş vermişdi, belə ki, SOCAR neftinin maya dəyərində ən yüksək payı – 17,7%-lə əmək haqları xərcləri təşkil edir. SOCAR üç pilləli idarəetmədən ikipilləli idarəetməyə keçməklə aralıq təşkilatları ləğv edir, sonra isə yeni optimal idarəetmə mexanizminə start verəcək, baş idarələrdəki rəhbər işçilərin ixtisarına. Çünki işçilərin sayı azaldığı halda onlara rəhbərlik edən menecment də azalmalıdır.
– Bu vəziyyət hara qədər davam edəcək?
– Nəticə etibarilə 2018-ci ilin sonuna SOCAR mərhələ-mərhələ işçi sayını 40 minə qədər azaldacaq. Bu isə bazar şəraitində həm onun idarəçilik çevikliyini artırmağa imkan verəcək, həm də istehsal etdiyi məhsulların rəqabətə davamlılığına təsir edəcək. Yəqin çoxları sözügedən əmrdə həmçinin, SOCAR tərəfindən sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması məsələsinin olduğunu görüblər. Ancaq əhəmiyyətinə fikir verməyiblər. Bunu biz müstəqil ekspertlər bəlkə neft gəlirləri gələn andan dəfələrlə vurğulamışdıq, dəyirmi masalarda qeyd etmişdik ki, SOCAR özünün fəaliyyətini neft üzərində qurmalıdır. Çünki bu onun professional fəaliyyətidir. Ancaq nədənsə, hökumət bizim Milli Neft Şirkətini mütəmadi olaraq neftdən kənara çəkməkdə maraqlı idi. Daha doğrusu, SOCAR hökumət üçün yaxşıca “sponsor” idi: həm paytaxtda, həm regionlarda iri sosial-mədəni, kütləvi layihələr həyata keçirirdi. SOCAR-ın rəsmi audit olunmuş hesabatı ilə tanış olsanız, görərsiniz ki, 2010-dan başlayaraq, hər il təqribən 220-230 milyon manat arasında SOCAR bu sahəyə vəsait xərcləmişdi. Düzdür, inanılası deyil ki, hökumət SOCAR-dan tam əlini üzsün, ancaq hesab edirəm ki, kifayət qədər bu xərclər azaldılacaq və SOCAR həqiqətən diqqətini öz professional sahəsində cəmləşdirəcək. Və sosial yönümlü layihələr də məhz neftçilər üzərində qurulacaq.
– Onda belə çıxır ki, 2016-cı ildə hökumət neft sektoruna ümid etməməlidir. Ancaq bu da bir reallıqdır ki, qeyri-neft sektorunun da büdcəyə verə biləcəyi ciddi vəsait kütləsi yoxdur. Razılaşırsınızmı?
– Mən belə deməzdim. Hökumətin ümidi yenə də neft sektorunadır. Sizinlə tam razıyam ki, qeyri-neft sektoruna ümid yoxdur. Əlbəttə, bir ölkənin ki, müstəqillik əldə edəndən kibrit və ya diş təmizləyən istehsal etmək ağlına gəlməyibsə, bu heç də yaxşı əlamət deyil. Metallurgiya sənayesinə 1 milyard dollar yatırım qoyulub və ancaq indi də o zavodlar faktiki heç nə istehsal etmirlər. Əlavə dəyər yaradan sənaye başqa şeydir, qeyri-neft sektoruna milyardlarla neft vəsaiti investisiya etmək bu, tamam başqa bir şeydir. Təəssüf ki, bunların fərqini, həm də hansı yatırımın faydalı iş əmsalını heç də hər oxumuş bilmir.
Keçək neftimizə və büdcə məsələlərinə. 2016-cı ildə Neft Fondu büdcəyə 6 milyard manat vəsait ödəməlidir. Hesab edək ki, 2016-cı ildə manatın orta məzənnəsi dollara qarşı 2 oldu. Onda bu deməkdir ki, 3 milyard dollar Neft Fondu transfert etsə bəsdir. Bəs bunun üçün Azərbaycanın nə qədər “qara qızıl” satması lazımdır? Hesab edək ki, neqativ proqnoz – 45 dollardır. Onda 67 milyon barel kifayət edər. Bəs, Neft Fonduna nə qədər mənfəət nefti gəlməlidir? Təqribən 120 milyon barel. Neft Fondunun 1,5 milyard dollar xərcləmələrini də ödəmək üçün də 33 milyon barel gərəkdir. Fondun ixtiyarında 20 milyon barel mənfəət qalır. Ancaq gələn il istənilən halda neftin qiymətinin 50-dən yuxarı olacağı haqda proqnozlar daha çoxdur, nəinki aşağı qiyməti ilə bağlı. Bu il isə orta qiymət hələlik 53 dollardır, ötən ilin 101 dollarına qarşı. Söhbət Azeri Ligth neftindən gedir…
Elşad Pasaşoy, “Yeni Musavat” qəzeti