logo

SOCAR prezidentinin Yaponiyaya işgüzar səfərinin yekunları

Views: 163

rrSOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə Yaponiyada işgüzar səfərdə olan nümayəndə heyətimiz iyulun 8-də Yaponiya dövlətinin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirmişdir.

İtoçu korporasiyasında korporasiyanın baş vitse-prezidenti, baş məsləhətçisi, Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Yoiçi Kobayaşi və korporasiyanın icraçı direktoru, enerji bölməsinin baş əməliyyat direktoru Takaşi Yasuda ilə görüş olmuşdur.

Korporasiyanın digər yüksək vəzifəli şəxslərinin də təmsil olunduğu görüşdə iki şirkət arasında “Əsrin müqaviləsi” ilə başlayan və 20 ildən çoxdur ki, davam edən səmərəli əməkdaşlıq münasibətləri qarşılıqlı məmnunluq hissi ilə qeyd edilmişdir. İtoçu korporasiyasının nümayəndələri ötən müddət ərzində Azəri-Çıraq-Günəşli layihəsinin icrası ilə əlaqədar SOCAR-ın tərəfdaş şirkətlərə verdiyi dəstəyi müsbət qiymətləndirmiş və layihənin icrasındakı aparıcı roluna görə SOCAR rəhbərliyinə təşəkkür etmişlər. Görüşdə “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan layihələrinin uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycanda reallaşdırılması nəzərdə tutulan yeni Neft qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsində İtoçu korporasiyasının iştirak perspektivləri üzrə danışıqlar aparılmış və digər məsələlər müzakirə edilmişdir.

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiya Baş Nazirinin xüsusi məsələlər üzrə müşaviri İsao İlicima ilə görüş keçirmişdir. Yapon şirkətlərinin Azərbaycanda reallaşdırılan neft-qaz, enerji layihələrinə cəlb olunmasından məmnunluğunu bildirən cənab İlicima Azərbaycanda hazırda həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrdə yapon şirkətlərinin iştirak etməsində maraqlı olduqlarını söyləmişdir. Ölkəmizdə xarici sərmayədarların fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan SOCAR prezidenti Yaponiya şirkətləri ilə səmərəli əməkdaşlıq təcrübəsindən danışmış, şirkətdə hazırda həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat vermişdir.

Həmin gün SOCAR-ın nümayədə heyəti Yaponiyanın JGC beynəlxalq mühəndislik şirkətində də olmuşdur. Burada keçirilən görüşdə JGC şirkətinin fəxri prezidenti Yoşihiro Şigehisa, şirkətin prezidenti və icraçı direktoru Koiçi Kavana və digər rəhbər şəxslər iştirak etmişlər. Görüş zamanı dünya neft-qaz sənayesində son trendlər, JGC şirkətinin yeni tikilən və yenidənqurma işləri həyata keçirilən neft-qaz emalı və neft-kimya layihələrinin icrası üzrə geniş təcrübəsi, şirkətin NQNK layihəsində mümkün iştirak perspektivləri və digər məsələlər müzakirə olunmuşdur. SOCAR prezidenti və nümayəndə heyətinin digər üzvləri cari ilin mart ayından etirabən SOCAR-ın JGC şirkətində təcrübə keçən 3 gənc mütəxəssisi ilə də görüşmüş, onların təlim proqramı ilə ətraflı tanış olmuşlar. Mütəxəssislərin cəlb olunduğu layihələr və onların əldə etdiyi uğurlar barədə SOCAR rəhbərliyinə məlumat verilmişdir.

İşgüzar səfər çərçivəsində iyulun 9-da Mitsui korporasiyasında şirkətin prezidenti və idarəedici direktoru Tatsuo Yasunaqa, idarə heyətinin sədri və əməliyyatlar üzrə baş meneceri Takeşi Kanamori və digər yüksək vəzifəli şəxslərlə görüş keçirilib. Görüşdə Mitsui şirkətinin Azərbaycanda fəaliyyətinin hələ Sovet İttifaqı vaxtlarında, 40 il bundan əvvəl Bakıda Kondisoner Zavodunun tikintisi ilə başlanıldığı, daha sonra şirkətin Azərbaycanda bir sıra enerji layihələrinin tikintisinə cəlb olunduğu bildirilib. Qeyd olunmuşdur ki, korporasiya hazırda ölkəmizdə fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır. SOCAR tərəfindən Azərbaycanda reallaşdırılması nəzərdə tutulan layihələr, o cümlədən yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsi barədə məlumat verilmiş, iki şirkət arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

sosSonra SOCAR prezidentinin Yaponiya Baş nazirinin xüsusi müşaviri və Yaponiya Biznes Federasiyası sədrinin müşaviri Yoşio Nakamura və Federasiyanın digər rəhbər mütəxəssisləri ilə görüşü olmuşdur. Görüşdə Yaponiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri, Azərbaycanda həyata keçirilən və planlaşdırılan enerji layihələri, xüsusilə NQNK layihəsi üzrə yapon şirkətlərinin fəal iştirakının dəstəklənməsi vurğulanmışdır.

Həmin gün SOCAR-ın nümayəndə heyəti Yaponiyanın İxrac Kredit Agentliyi – Yaponiyanın Beynəlxalq Kooperasiya Bankında da olmuşdur. Keçirilmiş görüşdə bankın idarə heyətinin sədri Hiroşi Vatanabe və digər rəhbər şəxslər iştirak etmişlər. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun maliyyələşdirilməsində fəal roluna görə bankın rəhbərliyinə təşəkkürünü bildirmişdir.

 Asiya İnkişaf Bankının cari ilin may ayında Bakıda keçirilən 48-ci İllik İclası çərçivəsində SOCAR-da keçirilmiş görüşün davamı olaraq, tərəflər arasında ətraflı müzakirələr aparılmış, SOCAR tərəfindən həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsində əməkdaşlığın daha da genişlənəcəyinə zəmin yarandığı vurğulanmışdır. NQNK layihəsinin maliyyələşdirilməsində bank tərəfindən yapon kapitalının cəlb edilməsi, yapon şirkətlərinin NQNK layihəsində iştirak imkanları və digər məsələlər müzakirə olunmuşdur.

Səfərin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Naziri cənab Yoiçi Miyazava və bu ölkənin Təbii ehtiyatlar və enerji agentliyi üzrə komissarı cənab Takayuki Ueda ilə görüş keçirmişlər. Görüşdə Yaponiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətinə toxunulmuş, əlaqələrin daha da dərinləşdirilməsi üçün imkanların böyük olduğu qeyd edilmişdir. Ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafi, yapon şirkətlərinin Azərbaycan neft sənayesinə, o cümlədən SOCAR-ın mövcud və gələcək layihələrinə sərmayə yatırmaq, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinə qoşulmaq imkanları və digər məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak etmişdir.

Comments: 0