Beləliklə, 10 il əvvəl Avropanın enerji məsələlərində start verdiyi diversifikasiya siyasəti başa çatmamış hazırkı iqtisadi-siyasi vəziyyətlə əlaqədar olaraq…Avropada yeni bir dövr başlayır. Bu da Avropanın bəzi ölkələrinin enerji xabına çevirmək arzusudur. Özü də bu arzunun maraqlı tərəfi budur ki, ölkələrin hökumətləri çox vaxt fərqinə varmaq istəmirlər ki, həmin xab onlara neçəyə başa gələ bilər, təki sağdan sola və yuxarıdan aşağıya və bütün istiqamətlərdə ölkəni borularla bürüyəsən…xərcini onsuz da Avropa Komissiyası çəkəcək (!) və ya uzunmüddətli güzəştli kreditlər hesabına ödənəcək.
Bu arzuya ən əvvəl Yunanıstan qatılmışdısa, indi onun sıralarına Bolqarıstan da qoşulmaq qərarına gəlib. Və hər iki ölkə iqtisadi baxımdan ürəkaçan vəziyyətdə deyil, ancaq buna baxmayaraq hər iki ölkənin Baş nazirləri artıq rəsmən bəyan ediblər ki, onların şirkətləri Trans Adriatik Boru kəmərində (TAP) payçı qismində təmsil olunmaq istərdilər. Ancaq məsələ burasındadır ki, infrastruktur layihələri kapitalyönümlü layihələrdir və bu layihələrə paydan asılı olaraq yüz milyonlarla və bəlkə də milyard avrodan artıq kapital xərcləmək, sonra isə hər il istismar xərcləmələrini həyata keçirmək lazımdır. Dividentləri qazanmaq heç də sabahın məsəli deyil.
Nabucco-West layihəhisini gündəmə kim gətirir: Azərbaycan ya Bolqarıstan?
Biz “Nabucco” layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu sözləri Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Prezidenti İlham Əliyevlə Sofiyada keçirdiyi birgə mətbuat konfransında dilə gətirib.
Onun sözlərinə görə, “Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər”.
Bundan sonra Boyko bildirib ki, Nabucco West “Cənub” qaz dəhlizinin” bir tərkib hissəsidir. Bu, Avropa Komissiyasının ilk prioritet layihəsi olub.
Borisov daha sonra bəyan edib ki, Bolqarıstan üçün çox nadir bir şans olardı ki, “bizim böyük şirkətimiz (söhbət təbii ki, “Bulgargaz”dan gedir – Caspian Barrel) TAP-ın tərkib hissəsi olsun. Bu məsələ Brüsseldə müzakirə mövzusu kimi qaldırılmalıdır.
Görünür Bölqarıstan rəhbərinin açıqlaması çox qəribə olub və media üçün heç də aydın olmayıb ki, burada məqsəd nədir? Çünki, Bolqarıstan onsuz da “Şahdəniz-2” layihəsi çərçivəsində 1 milyard kubmetr qaz alan bir ölkədir və müqaviləyə əsasən Yunanıstan ərazisindən bu ölkəyə TAP-dan müvafiq boru kəməri çəkilməliydi ki, qazı nəql etmək mümükün olsun. Ona görə də jurnalistlər Baş nazirdən məhz bu suala aydınlıq gətirmək istəyiblər ki,
“Nabucco” layhəsini “Şahdəniz-2” çərçivəsində TAP dəhlizi boyu necə bərpa etmək istərdiniz.
Bu, artıq TAP layihəsindən kənara çıxmaq demək deyilmi?”.
Bolqarıstan hökumət başçısı sualı yenə də cavablandıra bilməyib: burada artıq söhbət iki kəmərin doldurulmasından gedir. Amma artıq görünür ki, vəziyyət dəyişir. Çünki Azərbaycan kifayət qədər qaz ehtiyatlarına malikdir. Bizim də qaz qəbul etmək imkanlarımız genişdir. Zaman olduqca dinamik şəkildə inkişaf edir və gördüyünüz kimi, artıq bir çox sahədə də ikitərəfli layihələr yaradır.
Bu baxımda Azərbaycan Prezidenti məsələyə müdaxilə etməli olur: Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır və əlbəttə ki, “Cənub” qaz dəhlizinin əsas resurs bazası “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” qaz yatağının resursları 1 trilyon kubmetrdən çoxdur. Ancaq Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi əslində bir neçə layihəni özündə ehtiva edir.
TAP layihəsi “Cənub” qaz dəhlizinin ayrılmaz hissəsidir. TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, “Nabucco” layihəsi artıq tarixdə qaldı. Ancaq reallıqda biz nəyi gördük? Biz gördük ki, “Nabucco”nun üzvü olan Bolqarıstan artıq “Cənub” qaz dəhlizinin üzvüdür. Yəni, TAP layihəsinə biz “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi baxmalıyıq. Əgər biz “Cənub” qaz dəhlizinin marşrutunu götürsək, yəni, bu bir xətdir.
Bakıdan başlayıb İtaliyada başa çatan xətt. Amma bu xəttin bir neçə qolları ola bilər və artıq bir qol yaradılmaqdadır. Bolqarıstan-Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir.
Eyni zamanda, artıq Azərbaycan ilə Balkan ölkələri arasında bu sahədə aparılacaq əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə artıq memorandumlar imzalanmışdır. İonik-Adriatik qaz kəmərinin tikintisi indi danışıqlar mövzusudur.
Klassik Nabucco-West layihəsi əslində olmayacaq
Azərbaycan Prezidenti jurnalistlərə izah edir ki, Bolqarıstan ərazisindən qonşu ölkələrə – Rumıniyaya, Macarıstana xəttin çəkilişi (söhbət interkonnektorlardan gedir – Caspian Barrel) də artıq reallaşır. Biz bu gün (4 fevral) bu barədə fikir mübadiləsi apardıq.
Ona görə, siz haqlısınız, “Şahdəniz” qazının istehlakçıları bəllidir. Ancaq yaxın zamanlarda Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağı istifadəyə veriləcək. “Ümid” yatağında çox böyük qaz ehtiyatları vardır. Ümid edirəm ki, bu iki yataqdan yaxın 5-6 ildə ən azı əlavə 5-6 milyard kubmetr qaz hasil ediləcəkdir.
Və nəhayət…
Bolqarıstan baş naziri adla bağlı maralı bir məqama toxunur. Onun sözlərinə görə, söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər.
Nəticə
Azərbaycan hazırda öz qazının 2020-ci ildə Avropa bazarına çıxarılması üçün bütün sahələrdə (“Şahdəniz-2” çərçivəsində quyuların qazılması, avadanlıqların alınması, sahilyanı qaz yerminalının genişləndirilməsi, platformaların tikilməsi və bir-birindən avtonom olan 3 ixrac boru kəmərinin tikintisini reallaşdırır) qızgın iş aparır. Bütün bu işlərin start qiyməti 45 milyard dollar cıvarındadır. Və bu qədər kapital ona görə yatırılır ki, ilk 10 milyard kub metr Azərbaycan qazı Avropa bazarına çıxarılsın. Təbii ki, söhbət ilk həcmlərdən gedir. Ancaq 10 il sonra bu həcmlər artıq Avropa məkanında 20 milyard kubmetrə çata bilər. Bir məsələ var ki, Azərbaycanın TAP konsorsiumu qarşısında müəyyən öhdəliyi var. Bu da qaz həcmləri ilə bağlıdır. Yəni Azərbaycan boru marşrutları arasında seçimini edərkən TAP-ı üzərində ona görə dayanmışdı ki, bu boru kəməri konsorsiumu ən sərfəli kommersiya şərtləri təklif etmişdi. Əvəzində isə Azərbaycanın TAP-a öhdəliyi gələcəkdə qaz həcmlərinin 10 milyarddan 20 milyard kub metrədək artırılması idi.
Düzdür, bundan sonra TAP-ın bir neçə qolu yarana bilər və qaz həcmləri Yunanıstanın əvvəlində də ortasında da paylana bilər və buna görə hüquqi baxımdan TAP-ın Azərbaycan qarşı hər hansı bir iddiası ola bilməz ki, proqnoz həcmlərinə riayət edilməyib. Çox güman ki, artıqlması ilə də həyata keşiriləcək.
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri