Prezident İlham Əliyevin sərəncamı ilə“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əvvəllər “Bakıelektrikşəbəkə” ASC-nin rəhbəri olmuş Balababa Rzayev bu qurumun rəhbəri təyin edilib.
Prezidentin 10 fevral tarixdə imzaladığı sərəncamda müəyyən edilir ki, “Azərişıq” ASC Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görməsi tapşırılıb.
Nazirlər Kabineti, həmçinin “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini və bu strukturların yeni nizamnamələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.