“Neft Daşları”nın əməkçiləri yataqdan ilk neftin çıxarılmasının 65 illiyini yeni istehsalat uğurları ilə qarşılayırlar.Yeni 1954A saylı estakadayanı meydançanın inşası uğurla davam etdirilir. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında tikilən meydançanın baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.
10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyulardan sutkada 100 ton neft hasil olunacağı gözlənilir. Layihə çərçivəsində indiyə kimi hidrotexniki hissədə işlər başa çatdırılmış, texnoloji avadanlıqlaraltı postament və dayaqlar, boru yığma meydançası və nasoslara xidmət meydançaları hazırlanmış, qülləaltı postament, dalma nasosları üçün şaxtalar, 2 ədəd minik və 2 ədəd yanalma meydançaları, 10 ədəd quyu istiqamətləndirici layihə yerində quraşdırılmışdır.
Bundan əlavə, 2 ədəd yanalma və 1 ədəd xidmət meydançasının, texnoloji avadanlıqların və qazma qülləsinin quraşdırılması, meydançadaxili texnoloji boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. İşlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.