Azərbaycanda yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) yaradılması layihəsi çərçivəsində qaz emalı və neft-kimya zavodları müvafiq olaraq 2020-ci ilin əvvəlində və sonunda istismara veriləcək. Trend xəbər verir ki, bu barədə NQNK-nın Təşkilat və nəzarət şöbəsinin müdiri Orxan Cəfərov cümə axşamı Bakıda “Neft-qaz həftəsi” çərçivəsində keçirilən konfransda bildirib.
Qeyd edək ki, əvvəllər yeni layihələndirilən qaz emalı zavodunun 2018-ci ilin sonunda istismara verilməsi planlaşdırılırdı.
Onun sözlərinə görə, qaz emalı zavodu üçün xammal SOCAR-ın müstəqil işlədiyi yataqlardan, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan əldə edilən qaz olacaq.
Cəfərov deyib ki, neft-kimya zavodunda istehsal olunacaq məhsul ölkənin daxili tələbatının təmin olunmasına, eləcə də ixraca yönəldiləcək.
NQNK Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və istilik elektrik stansiyasından (İES) ibarət olacaq.