Sentyabrın 28-dən oktyabrın 1-dək SOCAR nümayəndə heyəti İran İslam Respublikasına işgüzar səfər zamanı İranın Neft Sənayesi Elmi Tədqiqat İstitutunda olmuşlar.
Səfər zamanı Neft Sənayesi Elmi Tədqiqat İstitutunun vitse-prezidenti Amirabbas Hosseini SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, direktor müavinləri Bağır Süleymanov, Əhməd Salmanov və SOCAR-ın “Nanotexnologiyalar” Departamentinin rəisi Valeh Şamilova institutda yerinə yetirilən layihələr və elmi araşdırmalar, o cümlədən nanotexnologiyalar sahəsində görülmüş işlərlə bağlı məlumat vermişdir.
Nümayəndə heyətimiz də qarşı tərəfə Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən elmi işlər və texnologiyalar barədə məlumat vermişdir. Zəngin elmi potensiala və kadr resurslarına malik hər iki institut arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmiş və qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumda neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi, ehtiyatların qiymətləndirilməsi, geoloji-hidrodinamik modellərin qurulması, ekoloji məsələlərin həlli, neft sənayesi üçün kimyəvi maddələrin işlənməsi, eləcə də nanotexnologiyaların tədqiqi, tətbiqi və digər istiqamətlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulmuşdur.
Görüşdə SOCAR-ın İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə və məsul əməkdaşı Murtuza Bagheri iştirak etmişlər.