2014-cü ilin 18-19 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri bu ölkədə Azərbaycana olan marağı əhəmiyyətli dərəcədə artırmışdır. Səfər çərçivəsində keçirilmiş biznes forum isə Vyetnam iş adamlarının Azərbaycana marağına səbəb olmuşdur.
Oktyabrın 16-da Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov Vyetnam-Azərbaycan əməkdaşlığı istiqamətində yaranmış yeni inkişaf meyllərinin müzakirəsi məqsədi ilə SOCAR-ın Baş ofisində olmuş, ötən müddətdə görülmüş işlərlə bağlı neft sənayesi işçilərinə ətraflı məlumat vermişdir.
Səfir Prezidentin qarşıya qoyduğu məqsədlərin reallaşdırılması istiqamətində təmsil etdiyi strukturun bir sıra tədbirlərin keçirilməsini planlaşdırdığını diqqətə çatdırmışdır. ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanla Vyetnam Sosialist Respublikası arasındakı ənənəvi əməkdaşlıq əlaqələrindən bəhs etmiş bildirmişdir ki, Azərbaycanda təhsil almış çoxlu sayda vyetnamlı bu ölkənin ən böyük neft şirkətləri olan “Petrovyetnam” və “Vietsovpetro”da rəhbər vəzifələrdə çalışırlar. Azərbaycanda neft sənayesində istifadə üçün istehsal olunan avadanlıqlar Vyeytnam mütəxəssisləri üçün tanışdır.
Daha sonra söz alan səfir A.İmanov bildirmişdir ki, Hanoyda keçirilmiş görüşlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasını vurğulamışdır.
Prezidentin qarşıya qoyduğu tapşırıqların reallaşdırılması üçün bir sıra tədbirlərin, o cümlədən 25-26 noyabr tarixlərində enerji sahəsinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi planlaşdırılır. Tədbir iştirakçıları təklifi maraqla qarşılamış və belə bir tədbirdə iştirakdan məmnunluqlarını ifadə etmişlər.