Oktyabrın 16-da Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilati dəstəyi ilə tələbələr üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, FHN-nin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları, media nümayəndələri və tələbələr iştirak eediblər.
BANM-nin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq bildirmişdir ki, təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasına töhfəsini verəcək.
Rektor təhlükəli hadisələr zamanı davranış qaydaları, tədbirlərin görülməsi və tədris saatlarında qəfil baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd etmişdir.
FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə məlumat vermişdir.
BANM-də keçirilən tədbir zamanı FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilmişdir. Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənmişdir.
Tədbirin sonunda BANM-nin rektoru Elmar Qasımov tələbələr üçün keçirələn təlimlərə görə təlimçilərə təşəkkürünü bildirmişdir.